"Heydər Əliyev iflic olmuş dovlət idarəetmə aparatını işlək vəziyyətə gətirdi" - MİLLƏT VƏKİLİ AÇIQLADI

"1993-cü il iyunun 15-i o qədər də uzaq olmayan bir tarixdir və bir çoxumuz həmin tarixi günlərin canlı şahidləri və iştirakçılarıyıq. Həmin vaxt Azərbaycan öz tarixinin ağır və ağrılı günlərini yaşayırdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, bir tərəfdə Ermənistan ordusunun ərazilərimizin işğalını davam etdirməsi, digər tərəfdə daxildə separatçı qüvvələrin baş qaldırması, üstəgəl hakimiyyətdaxili qarşıdurmalar – bütün bunlar Azərbaycan dövlətini və dövlətçiliyini uçurumun qarşısına qədər gətirmişd: "AXC-Müsavat hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində ordu ilə hakimiyyət qarşı-qarşıya dayanmışdı. Belə çətin məqamda Azərbaycanda onu xilas edəcək yeganə qüvvə Ulu Öndər Heydər Əliyev ola bilərdi və hamı da bunu yaxşı başa düşürdü. Ona görə də xalq birmənalı şəkildə Ulu Öndərin Naxçıvandan Bakıya çağırılmasını təkidlə tələb edirdi.

AXC-Müsavat hakimiyyəti sona qədər xalqın bu istəyinə qarşı müqavimət göstərsə də, özlərinin qiyamçı korpusunun üsyanı nəticəsində şəxsi həyatlarının qorxusundan xalqın iradəsinə boyun əymək məcburiyyətində qaldılar və Heydər Əliyev Bakıya dəvət olundu, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Heydər Əliyev qısa vaxtda iflic olmuş dovlət idarəetmə aparatını işlək vəziyyətə gətirdi, ölkənin şimalında və cənubundakı separatçı meyllərin qarşısını aldı, etnik qarşıdurmaya son qoydu, ordudakı özbaşınalığı aradan qaldıraraq vahid ordu komandanlığını formalaşdırdı. Bu ordu başladığı yeni hərbi əməliyyatlar nəticəsində yeni uğurlara imza ataraq bir sıra strateji məntəqələri, o cümlədən Horadiz şəhərini işğaldan azad etdi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə