ƏSASI İYUNUN 15-DƏ QOYULAN İNKİŞAF VƏ ZƏFƏRƏ GEDƏN YOL
1993-cü il 4 iyun hadisələrindən 29 il ötür. Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşan Azərbaycanın müstəqillik taleyi çətinliklərlə dolu olub. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru spesifik, əvəzolunmaz rol oynayıb.
Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlər və kataklizmlərlə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. Xüsusilə də, AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ...
Belə bir ağır məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, ölkəni, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də sabiq korpus komandiri, AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi və Gəncədə yerləşən 709-cu briqadanın ləğvi ilə bağlı əmr imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim barədə qərara tabe olmayan Surət Hüseynov isə tabeçiliyində olan hərbi hissənin əsgərlərinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Artıq ölkə vətəndaş müharibəsinin astanasında idi.
Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Belə bir şəraitdə xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransını keçirdilər. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu Lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi. Ancaq bu ərəfələrdə AXC-Müsavat iqtidarının günahı üzündən Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir gündə - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi Respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini söylədi: "...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANI PARÇALANMAQ TƏHLÜKƏSİ VƏ TƏNƏZZÜLDƏN XİLAS EDƏRƏK TƏRƏQQİ YOLUNA ÇIXARDI
Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Bir məqama xüsusi olaraq nəzər salmaq lazımdır. Belə ki, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir.
Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə milli maraqlara müvafiq surətdə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın xarici əlaqələri genişlənməyə başladı, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi.Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı.Bu hadisələrin şahidi olmuş müxtəlif ölkələrin tanınmış ziyalıları da öz xatirələrində baş verənləri qələmə almışlar. Onlardan birində – Belarus yazıçısı Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale dolambacları” kitabında 4 iyun 1993-cü il Gəncə qiyamı ilə bağlı mənzərə belə təsvir edilir: “Bakı küçələrində avtomatla silahlanmış kamuflyaj geyimli yekəpər saqqallılardan ibarət dəstələr gəzirdi. Yuxarıda – Elçibəyin komandasında hər dəstənin öz himayədarı vardı. Onlar nüfuz dairələri üstündə bir-biri ilə rəqabət aparırdılar. Buna görə də tez-tez toqquşmalar, atışmalar olurdu... 1993-cü ilin yazında ölkənin parçalanmasına real təhlükə yarandı... Bu isə Elçibəy və onun komandasının yol verdiyi kobud səhvlərin nəticəsi idi. Onlar milləti birləşdirməyi, ayrı-ayrı siyasi qüvvələr arasındakı qarşıdurmanı dayandırmağı, bəzi cinayətkar qruplaşmaların, separatçı qüvvələrin hərəkətlərinin qarşısını almağı bacarmamışdılar”.1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayət törətmiş hərbi əməliyyatların ağır nəticəsidir. Milli Məclisə təqdim olunmuş deputat-istintaq komissiyasının materiallarından və rəydən, parlamentin iclasındakı əksər çıxışlardan və ümumiyyətlə, müzakirələrdən aydın oldu ki, Gəncə hadisələri səbatsız siyasətin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur.
Xalq, eləcə də AXC-Müsavat iqtidarı həmin vaxt son ümid yeri kimi ulu öndər Heydər Əliyevə müraciət etdi. Nə yaxşı ki, müdrik şəxsiyyət xalqın səsinə səs verdi və Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, məhv olmaqdan xilas etdi.
PREZİDENT İLHAM ƏLİYEV: "AXC-MÜSAVAT HAKİMİYYƏTİ DÖVRÜ TARİXİMİZDƏ QARA LƏKƏDİR..."
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda AXC-Müsavat hakimiyyəti dövrünü tariximizdə qara ləkə kimi qiymətləndirib. Dövlət başçısı deyib ki, onlar üzərlərinə düşən yüksək məsuliyyəti dərk etməyib və gənc, müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salıblar, 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoyub: "Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yarandı".Dövlət başçısı onu da bildirib ki, əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməyiblər: "AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət edib, Onu hakimiyyətə dəvət etdi və nə qədər müdrik xalq olduğunu bir daha göstərdi".
15 İYUN KİMLƏRİN SİYASİ ÖLÜMÜNÜ REALLAŞDIRDI?
Tarixə qara ləkə olan AXC-Müsavat hakimiyyətinin Əli Kərimlisi, İsa Qəmbəri, Pənah Hüseyni, Arif Hacılısı Azərbaycanın siyasi sistemində, xüsusilə də sosial şəbəkədə zombiləşmiş qaragüruhçu dəstə 15 iyun Qurtuluş günü ərəfəsi yenə də eyni çirkin əməllərindən əl çəkmir, xalqı mitinqlərə çağırışları edirlər. Əxlaqsızdıq, mənəviyyatsızlın və cinayətkarlıq budur. Görünür AXC-Müsavatın bir illik ləkəlim dövründə etdikləri cinayətləri unudublar. Ancaq Ə.Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseynli və bu kimi satqınların əməllərini Azərbaycan xalqı unutiayıb. Və bu 15 iyun Qurtuluş günü ərəfəsi həyasızcasına yenidən ortaya atılaraq hər kəsi ittiham etməklə, xəyanətdə suçlamaqla özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışmaları bir daha belələrinin nə qədər ləkəli əxlaqa malik olduğunun sübutudur. Ancaq tarix dəyişmir, fakt faktlığında qalır. Və bu gün belə dövlət xainləri heç nəyə na iola bilməyəcəklər. Ona görə də, o zaman hakimiyyətdə olmuş, 4 iyun hadisələrini törətmiş adamların indi dövlətin və xalqın taleyindən danışmağa mənəvi haqqları yoxdur.
BU TARİXİ QAYIDIŞ, SÖZÜN HƏQİQİ MƏNASINDA, AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN VƏ MİLLƏTİMİZİN QURTULUŞU İDİ
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu tarixi qayıdış sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi.Ulu öndər Qurtuluş Gününün elan edilməsi ilə bağlı çıxışında bildirmişdir: «Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 17-də 15 iyunun Milli Qurtuluş Günü elan edilməsi təklifi ilə çıxış edəndə deputatlar təklifimi dərhal müdafiə etdilər. 10 gün sonra - iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi».
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.Bu gün isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Qalib Lider İlham Əliyevin apardığı «Dəmir yumruq» siyasəti 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən İkinci Vətən Müharibəsini Qələbə zəfəri ilə başa vurdu, ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət qalib gəldi. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz əbədi oldu və bu gün Azərbaycan 104 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşamadı. Azərbaycanın tarixinə Zəfər Gününün yazılması bu yolun uğurlu davamının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyinin təqdimatıdır. Dövlət başçısı 8 noyabrda Qarabağın döyünən ürəyi, musiqi beşiyimiz Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bildirmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Xalqımız əmindir ki, Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməklə, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB