“Sosial şəbəkələrin ictimai təfəkkürə təsir imkanları çox genişdir” - AÇIQLAMA
“Bu gün sosial şəbəkələrin ictimai təfəkkürə təsir imkanlarının çox geniş olduğu danılmaz faktdır”. Bu fikirləri “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bəzən müəyyən qüvvələr bu amildən istifadə edərək sosial şəbəkələr vasitəsi ilə dövlətimizə, milli maraqlarımıza zərbə vuran paylaşımlar, statuslar, videolar yayırlar: “Təbii ki, bu cür neqativ addımlar Azərbaycana, onun dövlət və milli maraqlarına qarşı mübarizə aparan erməni lobbisinin təsiri altındakı bir çox "beynəlxalq təşkilatlar" tərəfindən ölkəmizin əleyhinə istifadə edilir və bu da Azərbaycanın beynəlxalq imicinin zədələnməsinə yol açır. Bu səbəbdən, sosial şəbəkələr üzərində nəzarətin tətbiqi mütəmadi olaraq gündəmə gətirilir. Lakin, bunun hansı formada tətbiq edilməsi daimi müzakirə mövzusudur. Bəzən sosial şəbəkələr üzərində nəzarətin sərtləşdirilməsi söz və ifadə azadlığının məhdudlaşdırılması kimi təqdim edilməyə çalışılır. Lakin söhbət dövlət və milli maraqları təhdid edən məqamlardan getdiyi halda bu cür iradların tutarlı əsası qalmır. Çünki, hər bir dövlətin siyasətinin əsasını milli və dövlətçilik maraqlarının təmini təşkil edir. Bu səbəbdən, Azərbaycanın hüquq-mühafizə orqanlarına, müvafiq qurumlara sosial şəbəkələr üzərindən dövlətçilik maraqlarını təhdid edən məqamların aradan qaldırılması ilə bağlı səlahiyyətlərin verilməsinə dair qanunvericiliyə dəyişiklik edilməsini zəruri hesab edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB