Laçın dəhlizində RSK “nəzarəti”, yoxsa erməni özbaşınalığı? SİYASİ RAKURS+ÖZƏL

Bakı gözləyir və bu gözləntilərin demək olar ki, həddi bitmək üzrədir!

2020-ci ilin noyabr ayında imzalanmış və hüquqi olaraq Ermənistanın Qarabağdakı 44 günlük müharibədə məğlubiyyətini rəsmiləşdirən razılaşmadan iki ilə yaxın vaxt keçir. Lakin indiyədək üçtərəfli bəyanatın bir sıra müddəaları həm ermənilər tərəfindən, həm də Rusiya sülhməramlılarının (RSK) etinasızlığı səbəbindən sabotaj edilməkdə davam edir.

Digər tərəfdən, Zəngəzur dəhlizi məsələsində Bakının hərbi-diplomatik təzyiqindən sonra müəyyən irəliləyişlər, yəni mövqe müəyyənləşdirilmələri əldə edilsə də, razılaşmada qanunsuz erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılmasını nəzərdə tutan dördüncü bəndinə əməl edilməməsi faktı da aktual olaraq qalmaqdadır.

Laçın dəhlizinə gəldikdə isə Ermənistandan gələn mülki geyimli müqaviləli əsgərlərdən, əslində isə terrorçulardan tutmuş Fransada prezidentliyə namizədlərin, siyasətçilərin oradan keçməsinə, eləcə də bu ilin iyunun 1-də xristian terror təşkilatı kimi tanınan -"SOS - Şərqin Xristianları" ("SOS - Chrétiens d'Orient") “ictimai təşkilatı” üzvlərinin separatçıların quldur başçısı Araik Arutyunyanla görüşməsinə qədər bütün faktlar göz önündədir.

Rusiya tərəfi Monitorinq Mərkəzinin Bərdədə yerləşdirilməsini təklif etsə də, məhz Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi!

Daha bir diqqət çəkən budur ki, üçtərəfli razılaşmadan sonra Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Məhz 2020-ci il noyabrın 10-da Rusiyanın dövlət başçısı Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladıqdan sonra həmin bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu.

Həmin ilin noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. O cümlədən, Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda - Bərdədə yerləşdirilməsini təklif etsə də, məhz Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başladı.

Lakin təəssüf ki, bu günə qədər Laçın dəhlizində qeydə alınan hər bir qanunsuzluq Rusiya sülhməramlıları tərəfindən nəinki ciddiyyətə alınmır, hətta sonrakı vaxtlarda, yəni son günlərədək daha ciddi problemlərin yaşanmasına belə etina göstərmir.

Fakt budur ki, RSK-nın hazırkı dövrə qədər buraxdığı ciddi səhvləri ilə yanaşı, bu gün onların burunlarının altından Xankəndiyə barələrində Fransada cinayət işi açılmış terrorçular keçib-getməkdədirlər.

Daha bir sual isə budur – Ağdamdakı monitorinq mərkəzindəki RSK “missionerləri” hadisələri niyə qeydə almır? Yəqin ki, belə davam edərsə Azərbaycanın və qardaş Türkiyənin bu ətrafdakı sərt mövqelərini də müşahidə edə biləcəyik!

Qanunsuzluqlar sonradan qarşı tərəf(lər)ə fakt kimi göstəriləcək

Artıq bütün dünya bilir və dərk edir ki, bu gün Azərbaycan dövlətinin Cəənubi Qafqaz regionunda sülhün və inkişafın bərqərar olması üçün apardığı əhəmiyyətli işlərini məhz ermənilər və onların havadarları pozur, yaxud pozmağa cəhdlər göstərirlər.

Ermənistanın hər danışıqlardan sonrakı sərsəm bəyanatlarından başlayaraq Qarabağdakı separatçıların RSK-nın arxasından səngərlər qazmalarının, dayaq nöqtələri qurmalarının, “liderlərinin” isə həyasız fikirlər səsləndirmələrinin hər biri sülhün yaranmasına maneələr törədir.

O cümlədən, RSK-nın üzərinə götürdüyü vəzifələrini vicdanla yerinə yetirməməsi artıq bütün hədləri, əndazələri aşır. Söz yox ki, baş verənlər qeydə alınır və qeydə alınan hər qanunsuzluqlar sonradan qarşı tərəf(lər)ə fakt kimi göstəriləcək.

Türkiyə Silahlı Qüvvələrinin də fəaliyyət göstərdiyi Ağdam Monitorinq Mərkəzində RSK-nın qanunsuzluqlara göz yumması faktları qeydə alınmaqdadır...

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu ətrafdakı mövzulara münasibətini bildirərkən öz qətiyyətli, sərt xəbərdarlıqlarını bəyan edib və belə xəbərdarlıqların əbədi olacağını düşünən ermənilər və onların havadarları kökündən yanılırlar.

Daha bir məqam budur ki, bu gün müttəfiqimiz - qardaş Türkiyə də hər zamankı kimi yanımızdadır. Və söz yox ki, Türkiyə Silahlı Qüvvələrinin də fəaliyyət göstərdiyi monitorinq mərkəzində RSK-nın qanunsuzluqlara göz yumması faktları qeydə alınmaqdadır. Sadəcə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər davam edəcəksə, artıq onda istənilən qüvvənin qarşısı alınacaq və söz yox ki, Qarabağ regionunda sülhün və əminamanlığın, eləcə də inkişaf erasının başlanğıcı istiqamətində başladılan işlərin miqyası daha da böyüyəcək.

Bakı gözləyir və bu gözləntilərin demək olar ki, həddi bitmək üzrədir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə