Azərbaycanın da hər cür dəstək verdiyi enerji layihələri onun Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış etməsini zərurətə çevirib. Birmənalı şəkildə demək olar ki, Xəzər sahillərindən Avropayadək uzanan enerji dəhlizlərinin reallaşdırılmasında qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi keçərli olmuşdur.
Azərbaycan kimi dünyada neft, qaz istehsal edən ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısı müstəqil enerji siyasəti həyata keçirə bilmirlər. Bu da, ilk növbədə, onunla əlaqədardır ki, həmin ölkələrin enerji resurslarını dünya bazarına, istehlakçılara çatdırmaq imkanları məhduddur. Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan isə əvvəlki mərhələdə ulu öndər Heydər Əliyevin, son 19 ildə isə Prezident İlham Əliyevin ardıcıllıqla reallaşdırdıqları düşünülmüş siyasət sayəsində enerji resurslarının daşınması üçün şaxələndirilmiş nəql marşrutlarının yaradılmasına nail olub. Ölkəmiz enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışıb. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız vardır, beləki müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz davamlı fəaliyyətdədir.
Demək olarki, Azərbaycanın neft strategiyası kompleks xarakterlidir və burada karbohidrogen resurslarının hasilatı ilə onun nəqli bir-biri ilə uzlaşdırılmışdır. Bunun sayəsində 2022-ci ilin ilk dörd ayında ölkəmizdən müxtəlif nəql marşrutları ilə 9 milyon ton neft ixrac olunmuşdur.
Dövlətimizin enerji siyasəti yalnız neft hasilatı və ixracı üzərində qurulmayıb. Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim edir. Respublikamız xarici tərəfdaşlara “mavi yanacaq” ixracına 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilməsi ilə başlayıb.
Ancaq Bakı-Tbilisi-Ərzurum boru kəməri Xəzərin Azərbaycan sektorunda aşkarlanan yataqların ehtiyatlarının bütün həcmlərini ölkəmizin sərhədlərindən uzaqda yerləşən istehlakçılara çatdırmaq üçün zəruri fiziki imkanlara malik olmadığından, Azərbaycan yeni nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edərək bu ideyanın reallaşması üçün əsas yükü öz üzərinə götürmüşdür. Xatırlayaq ki, başlanğıcda Cənub Qaz Dəhlizinin inşası ilə bağlı bir sıra problemlər mövcud idi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində bütün neqativ yanaşmalar darmadağın edilərək Xəzər sahillərindən Avropaya uzanacaq yeni boru xəttinin inşası yolundakı maneələri aradan qaldırıldı. Sözügedən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Hazırda məlum geosiyasi gərginliklər fonunda Avropanın “mavi yanacaq”a olan tələbatı artıb. Azərbaycan isə yeni yataqları istismara verməklə “qoca qitə”yə daha çox həcmlərdə qaz nəql etmək imkanına malikdir. Odur ki, qətiyyətlə söyləyə bilərik, Azərbaycan öz əməlləri ilə dünyada etibarlı tərəfdaş dövlət statusuna yiyələnmişdir.
Kamil Məmmədov
YAP Tərtər rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB