"TEKNOFEST" - Türkiyə Azərbaycan dostluğundan dünyaya daha bir mesaj ŞƏRH
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. XX əsrin 90-cı illərində - 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, "Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir."
Müstəqillik qazandıqdan sonra bu illər ərizində türk qardaşlarımızın daim Azərbaycanın yanında olduğunu bildirən Cənab Prezident 30 ildə qardaşlıq dəstəyini hər zaman hiss etdiyimizi diqqətə çatdırıb: "Bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir".
Ölkəmizin etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş Azərbaycan və Türkiyə münasibətləri qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında müasir dövrümüzdə daha da möhkəmlənib. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 28 May - Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi böyük nümayəndə heyətinin ölkəmizə səfər etməsi və festivala qatılması əlamətdar hadisəyə çevrildi. Qeyd etmək yerinə düşər ki, "TEKNOFEST"in Azərbaycanda təşkil olunması iki ölkə arasında qardaşlığın, dostluğun, strateji müttəfiqliyin təzahürü olmaqla yanaşı, texnologiya sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcək.
Xatırladaq ki, cari ilin mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri və səfər çərçivəsində dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etmələri Türkiyə və Azərbaycanın biri-birinə bağlığının daha bir təzahürüdür. "Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşımla bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır" – deyə Cənab İlham Əliyev bildirib.
Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportunun açılışı Azərbaycandan dünyaya bir mesaj oldu. Hava Limanının Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə açılışı qardaş ölkə ilə birliyimizi, dostluğumuzu, gücümüzü bir daha göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması da qırılmaz dostluğumuzdan qaynaqlanır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini birgə qoymaları tarixi bir hadisə olaraq əbədiləşdi. Zəngəzur dəhlizi türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. "Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik" – deyən dövlət başçısı bildirib ki, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar: "Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq".
Əvəz Qocayev
AAYDA İdarə Heyətinin sədr müavini
Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi ilk partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB