Strateji tərəfdaşlığa yüksələn münasibətlər: AZƏRBAYCAN-ABŞ - TƏHLİL

Strateji tərəfdaşlığa yüksələn münasibətlər: AZƏRBAYCAN-ABŞ - TƏHLİL

Cozef Baydenin məktubu Prezident İlham Əliyevin uğurlu siyasətinə verilən qiymətdir

Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrimizin qurulduğu ilk dövlətlərdən biri olmaqla iki dövlətlər arasında tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmət, enerji, müdafiə, təhlükəsizlik və digər sahələr daxil olmaqla 30 illik uğurlu əməkdaşlıq tarixi var.

AZƏRBAYCAN BİRLƏŞMİŞ ŞTATLARIN QAFQAZDA GÖRƏCƏYİ BÜTÜN İŞLƏRİN ƏSAS MƏRKƏZİDİR

30 ildən artıqdır ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrimizin qurulduğu ilk dövlətlərdən biridir. Bu illər ərzində münasibətlərin inkişaf etdirilməsi üçün tərəflər arasında müxtəlif sənədlər imzalanmaqla genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycanın müstəqillik illərində yürütdüyü xarici siyasət kursu dünyanın bütün dövlətləri ilə, eləcə də əsas və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasına yönəlib. Bu, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra iki ölkə arasında əlaqələr daha da güclənib, yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər baş tutub. Bu gün isə bu siyasətin uğurlu davamçısı Azərbaycan Prezident İlham Əliyevin son 19 illik prezidentlik fəaliyyəti müddətində müdrik liderliyi ilə çağdaş dünya birliyində uğurlu dövlət idarəçiliyi modeli kimi qəbul edilir və ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi kurs olaraq son illərdə ölkəmizə böyük hörmət və nüfuz qazandırıb, dünyanın həm Qərb, həm də Şərq istiqamətləri üzrə çox geniş siyasi, iqtisadi və humanitar əlaqələr qurulub.Onu da vurğulamaq lazımdır ki, münasibətlərin inkişaf etdirilməsi üçün tərəflər arasında müxtəlif sənədlər imzalanmaqla genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycanın bu gün bir çox dövlətlər tərəfindən uğurlu layihə kimi qiymətləndirilən enerji şaxələnməsi siyasətinin dəstəklənməsində və həyata keçirilməsində ABŞ-ın rolu danılmazdır. Azərbaycanla ABŞ arasında enerji sahəsində 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisində fəal iştirakı ilə davam edib. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində də siyasətini dəstəkləyir.

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb, Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib. ABŞ Prezidenti Cozef Bayden istər Müstəqillik Günü münasibətilə, istərsə də Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev cənablarına təbrik məktubları Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir. Güclü dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sözünün imzası qədər əhəmiyyəti olan Azərbaycan Prezidenti İlham Əliyev kimi 44 gün ərzində 30 illik torpaq həsrətinə son qoyan Qalib Lideri, Pezidenti var.

CO BAYDENİN: “AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI AZƏRBAYCANIN SADİQ TƏRƏFDAŞI OLMAQDA DAVAM EDİR”

ABŞ Prezidentinin təbrik məktubunda bildirir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.

C.Bayden ABŞ-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığı bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini vurğulayıb. Həmçinin, C.Bayden ölkəsinin firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını da bəyan edib. Məktubda Co Baydenin Cənubi Qafqazda hazırkı vəziyyətin sülh və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün yaxşı bir imkan olduğunu qeyd etməsi və Aəzəbaycan Prezidenti İlham Əliyevin səylərini dəstəkləməsi çox ciddi bir nüansdır.

ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib. ABŞ bilir ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və bu gün də bu tendensiyanı davam etdirir. Və burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülhün əldə edilməsi ABŞ-ın Qafqaza olan marağının təmin olunmasına böyük dəstək ola bilər. Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionun çiçəklənməsinə imkan verəcəyi qənaəti ifadə edilib. Azərbaycanın sülh təşəbbüslərinin dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirən ABŞ-ın bölgədə yaratdığığmız yeni reallığa uyğun uzun müddətli sülhün təmin edilməsinə böyük dəyər verdiyinin göstəricisidir.ABŞ Prezidenti həmçinin bu gün qlobal məkanda əsas düyün nöqtəsi olan Ukrayna böhranı ətrafında kifayət qədər radikal mövqe tutmuş Qərbin Azərbaycanın bu məsələdə mövqeyini yüksək qiymətləndirməsi məktubda ən diqqət çəkən məqamlardan biridir.

Baydenin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və humanitar yardımını yüksək qiymətləndirir. Çünki Azərbaycan bu günə kimi Ukraynaya böyük yardım edən azsaylı region ölkələrindən biridir. Və ABŞ prezidentinin Azərbaycanın bu addımını yüksək qiymətləndirməsi bu istiqamətdə bəzi dairələrin, eləcə də, Azərbaycan daxilində Roma Papasından çox katolik olmaq istəyənlərin səsini birdəfəlik kəsdi. Eyni zamanda, belə həssas bir məsələdə həm Rusiya, həm də Qərbi narazı salmayacaq qədər məharətli siyasət yürütməkdə olan Azərbaycan Prezidenti İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha ortaya çıxardı.

Bir sözlə, ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi Ağ evin hazırkı sahibinin Azərbaycan dövlətinə və onun müdrik lideri Prezident İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verdiyi böyük dəyərdir. Azərbaycan da öz növbəsində hər zaman ABŞ-la münasibətlərin qorunmasında maraqlı olub və əminik ki, hər zaman bu siyasət ABŞ tərəfindən də Azərbaycana qarşı uğurla davam etdiriləcək. Məktubda deyilir: "Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.

Göründüyü kimi, Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb etməyə bilməz. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Onların qənaətinə görə, yaxın gələcəkdə ABŞ-ın regiondakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. Bütün bu sadalanan faktlar bir daha onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Hər iki dövlət regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqları kimi sahələrdə güclü tərəfdaşlıq münasibətlərindən faydalanır.Bir sözlə, ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verməsi, əlbəttə, Prezident İlham Əliyevin regionda və dünyada sülhün təmin olunması, əlaqələrin qurulması, iqtisadi imkanlardan güc, silah kimi istifadə edilən enerji resurslarının ədalətli bölgüsü və əlçatanlığı sahəsində həyata keçirdiyi böyük siyasətin nəticəsidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə