Zəngilanlılar doğma yuvalarına böyük sevinclə qayıdırlar ŞƏRH

Zəngilanlılar doğma yuvalarına böyük sevinclə qayıdırlar ŞƏRH

Qədim və zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda uzun və mübarizələrlə dolu qanlı-qadalı yol keçib, qəhrəmanlıq salnamələri yazıb. Tanrı tərəfindən Azərbaycana bəxş olunan torpaqlara əsrlərdən bəri hər zaman yadellilər göz dikib. Azərbaycan xalqı öz qanı-canı bahasına yadellilərə qarşı mübarizə aparib. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm də bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır. 44 günlük müharibədən sonra bütün dünya xalqımızın gücünü və mənəvi keyfiyyətlərini gördü. Azərbaycan xalqı, Azərbaycan Ordusu nələrə qadir olduğunu göstərdi.

Ermənilərdən fərqli olaraq biz öz torpaqlarımızdan işğalçı erməniləri çıxardaraq onlara qarşı etnik təmizləmə işi görmədik. Qadınlara və uşaqlara qarşı zorakılıq etmədik. Hətta onlara dinc yolla ərazilərimizi tərk etmək üçün vaxt və hümanitar dəhliz də verdik. Əfsus ki, onlar bu məqamda da öz çirkin niyyətlərindən əl çəkməyərək gedərkən salamat evləri yandırdılar, ərazilərimizə minalar basdırdılar. Artıq Qarabağ münaqişəsi həll olunub. 30 illik münaqişə vaxtı demək olar ki, fəaliyyətsiz olan ATƏT-in Minsk Qrupu öz fəaliyyətini başa vurub. İndi aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Aparıcı beynəlxalq təşkilatlar Azərbaycanla hesablaşır və Azərbaycanın təqdim etdiyi gündəliyi əsas kimi götürür.

Bu gün erməni vandallarının dağıdıb yerlə yeksan etdiyi ərazilərimizdə qlobal işlər görülür. Bərpa-quruculuq işləri davam etdirilir. Dəmir yolları, avtomobil yolları çəkilir, hava limanı tikilir, körpülər salınır. Ərazilər eyni zamanda minalardan təmizlənir.Biz bunun əyani təzahürünü Zəngilan rayonun Ağalı kəndində görülən işlər timsalında aydın surətdə gördük. Ağalı kəndində bir il əvvəl inşaat işləri 200-dən artıq evin tikilməsi, baxça, məktəb, tibb məntəqəsi və digər yaşayış üçün lazım olan obyektlərin tikilməsi ilə nəticələnib. May ayının 27-də Prezident “Ağıllı kənd”in açılışındakı çıxışında vurğulayıb ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək. Beləliklə, fəxrlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və az müddətdən sonra keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər.

ELŞƏN SƏFƏROV

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə