Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir ŞƏRH

Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir ŞƏRH

Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir, bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu xarici siyasət yürüdür. Burada Türkiyə ilə qardaşlıq münasibətini, Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini xüsusi qeyd etmək olar. Şanlı qələbəmiz ilə əlimiz gücləndi. İndi biz masa arxasında qalib ölkə kimi otururuq, bu isə düşməni şərtlərimizi qəbul etməyə məcbur edir.

Postmünaqişə dövründə regional geosiyasi gündəliyi Azərbaycan diktə edir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Azərbaycan həm də beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə uğurlu qarşılıqlı fəaliyyəti davam etdirir. Postmünaqişə dövründə baş tutan görüşlər Azərbaycanın üstünlüyü şəraitində keçir. Bunun nəticəsidir ki, Avropa İttifaqı da iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində daha real işlər görməyə başlayıb. Proseslərin gedişatı göstərir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqı qərəzsiz tərəfdir və hər iki ölkənin bu təşkilata etimadı vardır. Post münaqişə dövründə isə məsələlərin həlli istiqamətində qərəzsiz bir vasitəçiliyin olması xüsusi önəm kəsb edir ki, bu, ölkəmiz üçün daha effektlidir. Burada xüsusilə Şarl Mişelin cənab Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışın təmin olunması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarının yaradılması və bu kimi digər istiqamətlərdə görülən işlər ölkəmizin gücünün artması, yeni perspektivlərin açılması deməkdir. Ən əsası, bu, Azərbaycanın strateji hədəflərə doğru əmin addımlarla irəliləməsini təmin edir.

Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa olunmaqdadır, misal üçün Zəngilan rayonunda inşa olunmuş Ağalı kəndini qeyd edə bilərik. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Bu gün Azərbaycan qalib ölkə olaraq öz milli maraqlarına uyğun istədiyinə nail olur. Bir sözlə, bu görüşün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları uğrunda Prezident cənab İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə