Prezidentin regiona hər səfəri quruculuq işlərinə yeni stimul verir - DEPUTAT ŞƏRH ETDİ

“44 günlük müharibə başa çatandan sonra Azərbaycan dölətinin işğaldan azad edilmiş ərazilərdə başlatdığı quruculuq işləri, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, qısa müddət ərzində yeni yolların çəkilməsi, dəmiryolların inşası, hava limanlarının, məktəb və xəstəxanaların kənd və qəsəbələrin, şəhərlərin yenidən qurulması artıq günümüzün reallığıdır. Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabaşda və Şərqi Zəngəzurda misli görünməmiş meqalayihələr həyata keçirilir, dünya standartlarına uyğun olaraq “ağıllı kənd” inşa edilir. Bütün bunlar Azərbaycanın qurucu dövlət olduğundan, Ermənistanın isə dağıdıcı, vandal, işğalçı dövlət olduğundan xəbər verir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı Zəngəzur dəhlizinin avtomobil, dəmir, hava yolları seqmentlərinin və beynəlxalq enerji dəhlizinin yaradılması məsələsini xüsusi olaraq diqqətdə saxlayır: “Bu istiqamətlər üzrə işlərin sürətlə aparılması üçün ölkənin bütün imkanları səfərbər edilib. Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, avtomobil və dəmir yollarının inşası təkcə Azərbaycanın daxili istifadəsi üçün nəzərdə tutulmayıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan isə Türkiyəyə və Avropaya uzanacaq dəmiryolu xətti, eyni zamanda həmin istiqamətlə inşa edilən avtomobil yolları beynəlxalq dərəcəli infrastruktur layihəsidir. Bu marşrutdan Çin və Orta Asiya ölkələri, Rusiya, İran, Türkiyə və Ermənistan da istifadə edə biləcək. Xüsusilə bu yollar Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər əraziləri ilə maneəsiz olaraq əlaqə yaratmasını təmin edəcək. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının, “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etmələri, Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi, Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işləri ilə tanış olmaları və digər yaddaqalan tədbirlərdə iştirakı işğaldan azad edilmiş ərazilərimizdə həyatın tezliklə canlanacağı anlamına gəlir. Prezidentin regiona hər səfəri quruculuq işlərinə yeni stimul verir. Bütün bunlar Böyük Qayıdışın, vaxtilə bu ərazilrdən didərgin salınmış yüz minlərlə soydaşımızın doğma el-obasına, evinə-eşiyinə geri dönəcəyi barədə verilən müjdədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə