Vay Ermənistan, vay..! ANALİTİKA

Siyasi-iqtisadi böhranlar içində boğulan ölkə mətbuatı nə yazır?

Ermənistan revanşistlərinin əsas ruhlandırıcı şəxslərindən biri olan daşnak İşxan Saqatelyan, eləcə də keçmiş iqtidar rəhbərləri – Robert Koçarya və Serj Saqrsyan cütlükləri başda baş nazir Nikol Paşinyan olmaqla hakimiyyəti məqsədli şəkildə xalqı aldatmaqla məşğul olduğunu bildirir və bu istiqamətdə ittiham edirlər. Artıq uzun müddətdir ki, revanşist müxalifət özünə “müqavimət hərəkatı” etiketini yapışdırmaqla əsasən İrəvanda ardıcıl küçə yürüşləri təşkil edir, insanları iqtidara qarşı kütləvi müqavimətə çağırırlar. “Paşinyan bəyan edir ki, xalqın kürəyi arxasından heç bir sənədə imza atmayacaq. Bunu həmin insan deyir ki, dörd il xalqın kürəyi arxasından danışıqlar aparırdı, ancaq sonradan bu danışıqları iflasa uğratı və nəticədə müharibəyə səbəbkar oldu. 44 gün müharibənin hər günündə o insanları aldadır və qələbə vədləri ilə yemləyirdi, müharibədən sonra isə şifahi razılaşmalar əsasında yeni əraziləri güzəştə getdi. İndi isə ölkənin təhvil verilməsi üçün danışıqlar aparır”, deyə bu günlərdə revanşist müxalifətin mitinqində çıxış edən və revanşistlərin əsas ideoloqlarından, koordinatorlarından olan daşnak İşxan Saqatelyan bildirib. O, baş naziri xroniki yalançı adlandırıb və həmçinin insanları axmaq yerinə qoyduğunu deyib.

Ararat Mirzoyan öz işçilərini zirzəmi vasitəsi ilə XİN binasını tərk etməyə çağırıb, özü isə binaya daxil ola bilməyib...

Revanşist Saqatelyan onu da iddia edib ki, hakimiyyət öz planlarını sona qədər realizə edə bilməyəcək. O, müxalifət tərəfdarlarını templərini azaltmamağa, hakimiyyətə qarşı təzyiq göstərməyi davam etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır. Qəzet qeyd edir ki, yeni taktikalardan biri də dövlət binalarını zəbt edib etirazlar səsləndirməkdir. Növbəti hədəf isə parlament və s. hökumət binalarıdır.

Nəşr xatırladır ki, mayın 24-də XİN-nin binası qarşısında insanlar toplaşarkən nazir Ararat Mirzoyan öz işçilərini zirzəmi vasitəsi ilə oradan çıxarmağı tapşırıb. Lakin həmin vaxt hər kəs binanı tərk etməyə macal tapa bilməyib. Üstəlik, Mirzoyan XİN qarşısına daha çox polis güclərinin cəlb edilməsini istəyib ki, binaya maneəsiz daxil ola bilsin. Lakin polis onun bu istəyini yerinə yetirə bilməyib. Adıçəkilən nəşr yazır ki, iğtişaşçılardan biri polisin Ararat Mirzoyanın mühafizəçilərinə XİN-nin giriş qapısını açmağa imkan verilmədiyini, nazirin isə geri dönməli olduğunu deyərkən onun bu sözlərini eşidib.

Şarl Mişelin bəyanatı revanşist müxalifəti daha da aqressivləşdirib

Bu arada, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüssel görüşünün nəticələrini yüksək qiymətləndirməsi də erməni revanşistlərini hiddətləndirib. Belə ki, onun görüşün müsbət məcrada keçirilməsi və sərhədlərin delimitasiyası istiqaməti üzrə nəticələrin əldə olunması üçün münbit vaxtın çatdığını özünün “Twitter” səhifəsində qeyd etməsi müxalifətin daha da aqressivləşməsinə səbəb olub.

Üstəlik, mayın 24-də Ermənistanla Azərbaycan sərhədlərində iki ölkənin müvafiq komissiya rəhbərlərinin görüş keçirmələri, eləcə də onların növbəti görüşlərinin Moskvada keçirilməsi ilə bağlı qərar vermələri də revanşist küçə müxalifətinin qara-qışqırıqları ilə müşahidə edilib.

Hakimiyyət nümayəndələri KİV-lərin suallarından qaçırlar, jurnalistlərin işlərini məhdudlaşdırırlar

Erməni jurnalistləri iddia edirlər ki, hakimiyyətin əsas simaları KİV-lərin suallarından yayınır və qaçırlar. “Sputnik Armeniya”nın yazdığına görə, Ermənistan parlamenti dövlət orqanlarında akkreditasiya olunmuş jurnalistlərin işlərini məhdudlaşdırıb. “Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının deputatları bununla bağlı düzəlişləri ikinci oxunuşda qəbul ediblər. Keçmiş jurnalist, hazırda deputat olan Artur Ovannisyannın sözlərinə görə, daha əvvəlki düzəlişlərdə jurnalistin çalışdığı məkanda yalnız qayda pozuntularına yol verdiyi halda işi məhdudlaşdırıldığı bildirilirdi. Ancaq sonradan KİV qanununun bəndində digər problem yarandı: akkreditasiyanı yalnız KİV-in öz jurnalistlərini geri çağırması qərarı ilə ləğv etmək olar, ancaq onlar (KİV rəhbərləri) öz jurnalistləri ilə bağlı heç bir ölçülər götürmürlər”, deyə erməni deputatı bildirib.

Erməni parlamentarisi hesab edir ki, bu hal ölkə parlamentinin işini normal qaydada aparmasına mane olur və bundan əlavə, digər jurnalistlərin də işlərinə maneələr törədir. Bundan sonra isə akkreditasiyanın başa çatması ilə bağlı belə yazılacaq: “Jurnalistin akkreditasiyası onu təqdim edən KİV-in, ya da onu akkreditasiyadan keçirən dövlət orqanının müraciəti əsasında başa çatdırıla bilər”.

Adıçəkilən nəşr onu da xatırladır ki, bundan əvvəl jurnalistərin fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı daha bir qanun da qüvvədədir. Onlar parlament binasının daxilində hərəkət edə bilməzlər.

İrəvandakı səyyar satıcılara qarşı müharibə elan olunub, başgicəlləndirici cərimələr tətbiq edilir

Ermənistanın “ARKA” adlı internet-nəşri isə yazır ki, İrəvan şəhərinin rəhbərliyi səyyar küçə satışları ilə bağlı yeni mübarizə metodu tətbiq edirlər. Nəşr qeyd edir ki, gündəlik qazancları ilə ailələrini dolandırmağa çalışan vətəndaşlara qarşı zor gücü tətbiq edilir, eləcə də külli miqdarda cərimələr yazılır. “Təkcə son həftədə İrəvanda inzibati pozuntularla bağlı 10 cərimə protokolu yazılıb. Daha 75 ptorokol da baxılmağa göndərilib”, deyə meriyanın səlahiyyətlisi Ovik Safaryan internet-qəzetə bildirib.

Həmçinin bəlli olub ki, İrəvanda açıq səma altında yalnız gül, sərinləşdirici içkilər və dondurma satıla bilər. Qaydalar pozularsa başgicəlləndirici cərimələr təqdim olunur – ilk pozuntuya görə 70-90 min dram (150-200 ABŞ dolları), təkrar pozuntuda isə 200 min dram (450 ABŞ dolları).

Beləliklə, ölkə iqtisadi və siyasi böhranlar içində çabalayır və maraqlıdır ki, ölkədəki siyasi təlatümləri də buraya əlavə etsək bu zaman istər revanşçıların, istərsə də hökumətin nə qədər çarəsiz durumda qaldıqlarını bir daha göümüş olarıq. Əgər revançılar öz istəklərinə nail olsalar, Nikol Paşinyan hakimiyyətini devirsələr Ermənistanın aqibəti daha da pis olacaq, ölkə demək olar ki, süquta uğrayacaq. Bütün bunların qarşısının alınması üçün isə Paşinyan iqtidarının zamanı çox azdır – erməni baş naziri danışıqlarda bir, ölkəsində isə başqa cür bəyanatlar səsləndirməklə çulunu sudan quru çıxara bilməyəcək. Hər halda, indiki vəziyyətə olan bir ölkəyə yalnız vay Ermənistan vay demək qalır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə