AXC xalqın iradəsinin və dövlətə bağlılığının göstəricisi idi - MİLLƏT VƏKİLİ AÇIQLADI

“20-ci əsrin əvvəllərində Cənubi Qafqaz regionunda olduqca ciddi proseslər cərəyan etdi və dəyişikliklər baş verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, regionda hər zaman müxtəlif güclərin barışmaz maraqları olub. Bu Cənubi Qafqaz regionunun coğrafi yerləşməsi ilə əlaqədardır ki, Şərqlə Qərb arasında bir körpü rolunu oynamaqla bu region hər zaman ciddi maraqların toqquşduğu bir ərazi olmaqla yanaşı həm də müvafiq olaraq kəskin münaqişələrin baş verdiyi bir əraziyə çevrilmişdir: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Şərqdə ilk dəfə olaraq demokratik parlamentli republikanın əsası qoyuldu. Həqiqətən də Azərbaycan xalqı bununla nümayiş etdirdi ki, dərin dövlətçilik ənənələrinə malikdir. Yəqin ki, bu ənənələr olmadan heç də Xalq Cümhuriyyəti formasında bir dövlətin qurulması mümkün olmazdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində çox böyük nailiyyətlər əldə etdi. Ordu quruculuğu istiqamətində əldə edilən nailiyyətlərin miqyası ölçüyə gəlməz idi. Həmin dövrdə İtaliya ilə Xalq Cümhuriyyəti arasında müqavilə imzalanmışdır ki, həmin dövrdə ordunun geyim təchizatı həyata keçirilməlidir. Bununla əlaqəli olaraq da müəyyən addımlar atılsa da, başlanılmış prosesin başa çatmasına imkan vermədi. Eləcə də ilk universitetin yaradılması, qanun yaradıcılığı istiqamətində səmərəli fəaliyyətin həyata keçirilməsi bütün istqamətlərə təsir etmişdir. Xalq Cümhuriyyətinin gətirdiyi ilk yeniliklərdən biri də Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququ tanındı. Hesab edirəm ki, bu təkcə Şərq üçün deyil bütün dünyaya bir örnək idi. Bütün bunlara diqqət yetirən də biz Azərbaycan xalqının təkcə dövlət təcrübəsi haqqında deyil, eyni zamanda dövrün müasir dəyərləri ilə bağlı aydın təsəvvürlərə malik olduğunu görmüş oluruq.

Azərbaycan Xalq Cümhuriyyəti xalqın iradəsinin, cəsarətinin və dövlətə bağlılığının göstəricisi idi. Xalq cümhuriyyətinin qurucuları həqiqətən də Azərbaycan xalqının taleyində kifayət qədər həledici rol oynadılar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə