YAP Göygöl rayon təşkilatı tərəfindən 28 May Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirildi FOTOLAR

Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən Göygöl Suvarma Sistemləri İdarəsi Ərazi partiya təşkilatında 28 May Müstəqillik Günü münasibətilə “Müsəlman Şərqində ilk hüquqi, dünyəvi, demokratik dövlət” mövzusunda dəyirmi masa keçirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamladıqdan sonra Dövlət Himni səsləndirirlib, Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışaraq, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar Rusiyası devrildikdən sonra, çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandığını, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyəti yarandığını bildirərək qeyd etmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə ordusu yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd etdi və Azərbaycan Respublikası Milli Məclisinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə 28 may Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunmuş, xalqımızın tarixində mühüm yeri olan hər iki bayram gününün siyasi məzmunu obyektiv dəyərləndirilmişdir. Vüqar İsayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli Liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.

Sonra ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov çıxış edərək vurğulayıb ki, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq 104 il ötür. 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirdi. Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu , ərazi partiya təşkilatının sədr müavini Pünhan Qasımova çıxış edərək bildirdi ki, Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir daha heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.

Tədbirin sonunda üzvlüyə yeni qəbul olunmuş bir qrup partiya üzvünə üzvlük vəsiqələri təqdim olunub, ərazi partiya təşkilatında yaradılmış YAP iş otağına baxış keçirilmiş, partiya otağına müasir tarixə aid siyasi kitablar hədiyyə edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...