Rusiya telekanalından Azərbaycanın ərazi bütövlüyünə qarşı daha bir hörmətsizlik! FOTO+FAKT

Moskva "Pervıy kanal" rəhbərliyinin və bütövlükdə Rusiya telekanallarının təxribatçı əməllərinə nə qədər göz yumacaq?

Rusiyanın aparıcı TV kanallarında istər əvvəllər, istərsə də hazırda Azərbaycanın maraqlarına qarşı, eləcə də yalan, əsassız, hətta qəsdən qıcıq yaradacaq müxtəlif verlişlərin efirə getməsi sirr deyil. Hətta ikinci Qarabağ müharibəsi dövründə “Rossiya”, NTV, “Perviy kanal”, “Zvezda” kimi telekanallarda açıq-aşkar ölkəmizin ədalətli mübarizəsinə qarşı aşkar düşmənçilik mövqeləri sərgilənir, üstəlik həmin verilişlərə qonaq qismində dəvət edilənlərin də əksəriyyəti ya Rusiyada yaşayan erməni politoloqları, ya da açıq ermənipərəstlik mövqeyindən çıxış edən rus ekspertləri olublar. Düzdür, etiraf edək ki, Azərbaycanın da maraqlarını dəstəkləyən politoloqlar və hərbi ekspertlər mövcuddur, amma onlar azlıq olaraq çoxluğa qarşı demək olar ki, çox çətinliklə çıxış edirdilər. Bütün bunlar öz yerində...

Ancaq fakt budur ki, Rusiya TV-lərində hazırda da ələ düşən hər imkanda anti-Azərbaycan xarakterli mesajlar verilir və bu faktlar iki ölkə arasındakı münasibətlərin normallaşmasına kifayət qədər mənfi təsirlərini göstərməkdədir. Açığını desək, bu gün rus telekanallarında istilaçılıq, işğalçılıq və nə qədər də qəribə görünsə imperiya kontekstləri özünü daha qabarıq fonda nümayiş etdirməkdədir. Ən maraqlısı isə budur ki, sözügedən xarakterli verlişlər efirə getdikdən sonra Rusiyanın rəhbərliyi, yaxud müvafiq strukturları tərəfindən ümumiyyətlə etinalar göstərilmir, belə verlişlərin Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurması barədə ümumiyyətlə tənbehlər olunmur. Belə olnda isə istər-istəməz düşüncələrdə əsaslı suallar yaranır: məqsəd nədir?

Bu günlərdə Rusiyanın “Pervıy kanal” adlandırılan Birinci kanalı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı növbəti təxribatçı addıma yol verib.

Efirə verilən süjetlərin birində separatçı Cənubi Osetiyada (Gürcüstanın Sxinvali regionu-R.R.) “prezident” seçilmiş Alan Qaqloyev adlı separatçının “inauqurasiyası mərasimi” əks olunub və söhbət heç də soyuq olan və düşmənçilik həddində qalmağa davam edən Gürcüstan-Rusiya münasibətlərində də deyil, belə ki, iki ölkə öz problemlərini elə öz aralarında nə zamansa həll edə bilərlər, amma..!

Amması da budur ki, reportajda “inauqurasiya” mərasiminə Rusiya nümayəndə heyəti ilə yanaşı qonaq qismində (DİQQƏT!) “Abxaziya, “LDNR”, “Dnestryanı” və “Dağlıq Qarabağ”dan olan heyətlərin də qatıldıqları özəlliklə vurğulanıb (???!!!-R.R.)

Sual isə belədir - əgər Azərbaycan Rusiya ilə 2022-ci ilin fevralın 22-də müttəfiqlik Bəyannaməsini imzalayıbsa, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, suverenliyini dəstəkləyirsə, eləcə də Bəyannamədə əks edilən digər bəndləri də qəbul edirsə onda bu hoqqaya hansı adı vermək olar?!

Və ya təxribatçı efirdən sonra nəyə görə Kremldən “Pervıy kanal”ın baş direktoru Konstantin Lavoviç Ernstə, eləcə də oradakı komandasına ən yumşaq halda barmaq silkələnmədi? Məhz buradan da məntiqi nəticə çıxarmaq olar ki, elə sifarişin özü də bilavasitə Kremlin divarları arasından verilib və açığını desək, bu heç də kiçik, görünməyən təxribat deyil və söz yox ki, erməni maraqlarına bağlı qalan həmin dairələr bütün hallarda cavab verməli olacaqlar!

Məgər Rusiyadakı dairələr bilmirlər ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və həmin yerlər Azərbaycanın Qarabağ regionu adlandırılır? Əlbəttə ki, yaxşı bilirlər, sadəcə baş verənlər BİRBAŞA (!!!) ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir!

Məsələyə digər dəqiq yanaşma edək. Birinci kanal dövlət kanalıdır və Rusiyanın dövlət büdcəsindən maliyyələşir. Belə olan halda məhz həmin təxribatçı əməlin kontekstində xatırlatmaq lazımdır – 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik Bəyannaməsinin 11-ci bəndində açıq-aydın yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Nə deyək, əgər Moskva üzərinə götürdüyü öhdəliyinə məsul yanaşırsa Birinci kanalın rəhbərliyinə qaşı çox ciddi ölçülər götürülməlidir. Təbii ki, söhbət yalnız bununla da başa çatmır. Son vaxtlar qonşu ölkədə bənzər əməllər təəssüf ki, artır və bizdən Kremlin əsas şəxsinin, yaxud rəsmi Moskvanın necə münasibət göstərəcəyini gözləmək qalır.

Əgər Birinci kanalın rəhbərliyi sözügedən əməlinə görə rəsmi qaydada Azərbaycan tərəfindən üzr istəyərsə bunu anlamaq və xoş qarşılamaq olar, yox, əgər bu baş verməzsə - demək ki, artıq bizim də susmağımız doğru olmazdı, əks halda belə “kiçik” görünən təxribatlar get-gedə daha da artacaq. Bu baxımdan da, bəri başdan müəyyən nəticələri çıxarmaq vacibiyyata çevrilir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə