Azərbaycan–Litva münasibətlərində yeni mərhələ başlayır ŞƏRH

Azərbaycan Respublikasında iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, dinamik inkişafda olmasın. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla ölkə iqtisadiyyatının artımını təmin etməklə xalqın maddi rifahının durmadan yaxşılaşmasını şərtləndirmişdir. 18 may 2022- ci il tarixdə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı mətbuata bəyanatında Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayaraq, bu nüfuzlu beynəlxalq qurumun Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Ölkə rəhbəri, eyni zamanda, respublikamızın artıq Avropaya təbii qazın ixracına başladığı və neft-qaz qiymətlərinin artdığı bir şəraitdə cari il ərzində adı çəkilən təşkilatla ticarət dövriyyəsi həcminin daha da yüksələcəyini diqqətə çatdırıb.Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedanın respublikamıza səfəri çərçivəsində keçirilən biznes forumdakı çıxışında da Azərbaycan–Avropa İttifaqı strateji əməkdaşlığının uğurla inkişafından bir daha bəhs edərək, bu təşkilatın respub­likamızın əsas ticari tərəfdaşı olduğunu və Azərbaycanın quruma üzv ölkələrin enerji təhlükəsizliyində fəal rol oynadığını vurğula­yıb: “Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugün­kü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna baş­lamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”.

Prezident İlham Əliyev nitqində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsas prioritet olmasını da xatırladıb. Bununla bağlı qeyd edək ki, son illərdə əldə olunan bütün sosial-iqtisa­di uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə əlaqədardır. Hazırda ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin reallaşdı­rılması qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaş­dırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan bu gün dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.Təbii ki, iqtisadiyyatın inkişafı ölkədə işssizliyində azalması deməkdir. 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan xalqı öz əbədi və əzəli torpaqlarına qovuşdu .Bu da öz növbəsində yeni iqtisadi sahələr və iş yerlərinin açılmağına səbəb oldu. Hər bir qarışı milli sərvət olan Qarabağımız azadlığa qovuşandan sonra Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sürətləndirilmiş inkişaf prosesləri nəticəsində iqtisadiyyatımız günbəgün inkişaf edir.

Jalə Əlizadə

Tərtər rayon Heydər Əliyev Mərkəzinin bələdçisi, YAP fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə