Azərbaycanın Litva ilə strateji tərəfdaşdır

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, millət vəkili

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın Litva ilə uzun illərdir ki, strateji tərəfdaşdır. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələrsiyasi dialoqun təzahürüdür.

Mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri, ölkəmizin Prezidenti İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüş, dövlət başçılarının mətbuata birgə bəyanatları, həmçinin Azərbaycan-Litva biznes-forumunda müzakirə edilən məsələlər mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün real zəmin formalaşdırdı.

Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Təsadüfi deyil ki, Litva ilə ölkəmiz arasında indiyədək 45-dən çox sənəd imzalanıb. Onların ən mühümü isə 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatdır. Bu sənəd Prezident İlham Əliyevin söylədiyi kimi əməkdaşlığın mahiyyətini əks etdirməklə yanaşı, münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrilib.

Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva biznes-forumunda iki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən Prezident İlhan Əliyev bildirib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Dövlət başçımız eyni zamanda xatırladıb ki, Azərbaycanda investorlar üçün əlverişli biznes mühiti yaradılıb.

Azərbaycan-Litva biznes-forumunda ölkəmizin inkişaf dinamikasının əsas göstəricilərini, cari ilin dörd ayının nəticələrini litvalı qonaqların diqqətinə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, ölkənin iqtisadiyyatı 7,2 faiz, qeyri-neft sektoru 11,4 faiz, ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Ölkədə işsizlik səviyyəsi 5-6 faizə qədər azalıb. Bütün bunlar isə ölkənin dayanıqlı inkişafından xəbər verir.

Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olmasının vacibliyi önə çəkilib, bu sektorda əməkdaşlığa xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq Azərbaycan müasir infrastruktur - dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar isə Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün də çox önəmli olacaq.

Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri, mayın 18-də keçirilən Azərbaycan-Litva biznes-forumunun sonunda iki ölkə arasında yeni 6 sənədin imzalanması bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə