Milli Məclis Aparatında növbəti kadr islahatları aparılıb

Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb. Milli Məclisdən SİA-ya verilən məlumata görə, sədrin sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib. R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışır. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı verilib.

Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir.

Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, adları çəkilən əməkdaşların hər biri uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdirlər. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir:

"Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar. Son olaraq isə Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunublar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...