ABŞ Azərbaycanın regional təhlükəsizlikdə rolunu yüksək qiymətləndirir - DEPUTAT ŞƏRH ETDİ

"ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubu bəzi məqamları ilə yadda qaldı. Öncə Azərbaycanla əməkdaşlığa verilən yüksək qiymətdir. Məktubda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol barədə danışılması təsadüfi deyil. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində səmərəli iştirak edir. XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin fəaliyyətinə də toxunmamaq olmaz. Layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri xətti 2020-ci il dekabrın 31-də istismara verilib və həmin vaxtdan Azərbaycan qazının Avropaya ixra­cı başlayib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda toxunulan məsələlərə münasibət bildirərkən deyib.

A.Hüseynov bu istiqamətdə fikrinə əlavə olaraq bildirib ki, əvvəllər bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi: "Azərbaycandan təbii qaz alanlar sırasına İtaliya, sonra isə Yuna­nıstan və Bolqarıstan qoşulub. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Qeyd edək ki, ötən il Azərbaycan Aİ-ə 7 milyard kubmetrdən çox təbii qaz ixrac edib, bu il 9 milyard kub­metr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixracı planlaşdırılır. onu da vurğulamaq yerinə düşər ki, Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Aİ üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən dəhliz dün­ya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir. Nəzərə alsaq ki, artıq Avropa İttifaqı ölkələri Rusiya qazına alternativ axtarışındadır və Azərbaycanın da istifadə etdiyi və əsasən Xəzərin karbohidrogen məhsullarının daşındığı Cənub Qaz Dəhlizi daha təhlükəsizdir, belə olan halda Qərb ölkələrinin hansı xəttə. marşruta üstünlük verəcəyi bəlli olar. Xatırladım ki, Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir".

Deputat qeyd edib ki, ABŞ-ın Prezident Administrasiyası 30 il ərzində Azərbaycanla müxtəlif regional məsələlərin həllində birgə iştirak edib: "Bu əlaqələrin məntiqi nəticəsi olaraq Azərbaycanın regionda - Cənubi Qafqazda əsas aktor olduğu öz təsdiqini tapıb. Azərbaycan əksər regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycansız heç bir layihə regionda həyata vəsiqə ala bilməz. Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstək, humanitar yardımı ABŞ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan terrorizmə qarşı qlobal mübarizəyə əhəmiyyətli töhfələr verir. Azərbaycanın Ermənistana sülh prosesinə başlamaq üçün baza prinsipi olaraq 5 maddədən ibarət sazişi təqdim etməsi ölkəmizin Cənubu Qafqazda davamlı sülhə nail olmaq istəyini nümayiş etdirir. Təbii ki, bu addım da ABŞ rəhbərliyinin regional siyasətinə zidd deyil. ABŞ Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Bu anlamda Azərbaycanın sülh təşəbbüsləri dəstəklənir, iqtisadi, nəqliyyat və xalqlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduqlarını bəyan edirlər. Düşünürəm ki, ABŞ-ın növbəti illərdə də Azərbaycanla münasibətləri daha da genişləndirmək üçün konkret addımlar atacağı gözləniləndir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...