227 nömrəli tam orta məktəbdə “Qarabağa qayıtdıq!” adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Nizami rayonu 227 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Qarabağa qayıtdıq!” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov və Könül Nurullayeva, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Nizami rayonu İcra hakimiyyətinin əməkdaşı Əli Axundov və İkinci Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən qazilərimiz iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra isə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları məktəbin həyətində nümayiş olunan sərgi və kompozisiyalarla, eləcə də “Qarabağ uşaqların gözü ilə” adlı əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
Tədbirdə çıxış edən 227 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynova bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində biz artıq 30 ildən sonra öz dədə-baba yurdumuza qayıtdıq. Sevinc Hüseynova gənclərimizin, torpaqlarımız uğrunda döyüşən igidlərimizin qəhrəmanlığından danışıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik. Burada bir neçə amil ciddi rol oynadı: "Əgər, 90-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bəlkə də bu gün Azərbaycan adında bir dövlət yox idi. Bu gün bu siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün biz məğlub yox, qalib xalqıq. Bu gün torpaqlarımızı işğaldan azad etmişik".
Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, bu gün keçirilən tədbir çox maraqlı və düşünülmüş tədbirdir: “Bu tədbirin həyata keçirilməsində bütün müəllim kollektivinə və şagirdlərə öz təşəkkürlərimi bildirirəm. Cənab Prezidentin uğurlu siyasəti nəticəsində biz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdik".
Tədbirdə çıxış edən SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, bu tədbirin hazırlanmasına ürək qoyulub: “Bu səbəbdən tədbirdə əziyyət çəkən müəllim və şagird kollektivinə təşəkkürlərimizi bildiririk. Qeyd edildiyi kimi 44 günlük Vətən müharibəsindəki Zəfərimizin əldə olunmasında bir neçə amil əsas rol oynadı. Burada əsas amillərdən biri də Xalq-Lider amilidir. Biz illərdir itirdiyimiz torpaqlarımızı 44 gün ərzində geri qaytardıq. Bunun ən başlıca səbəbi Ali Baş Komandan, Ali Sərkərdə, güclü liderə inam idi”.
Nizami rayonu İcra hakimiyyətinin əməkdaşı Əli Axundov tədbirdə əziyyəti çəkən hər kəsə təşəkkürlərinə bildirərək qeyd edib ki, Nizami rayonunda bu cür silsilə tədbirlər davam etməkdədir: “Bildiyimiz kimi cənab Prezident İlham Əliyevin müvafiq əmri ilə 2022-ci il "Şuşa ili" elan edildi. Nizami rayonunda bu məsələyə daha həssaslıqla yanaşılır”.
Qeyd edək ki, məktəb şagirdləri həmçinin “Qarabağ Azərbaycandır” mahnısına hazırlanmış rəqs də ifa ediblər.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB