Ermənistan hansı razılaşmaları pozur? ŞƏRH+AKTUAL

Məlum olduğu kimi, 44 günlük müharibədən sonra Rusiyanın və Avropa İttifaqının vasitəçilikləri ilə Azərbaycan və Ermənistan rəhbərlərinin bir neçə dəfə görüşləri keçirilib. O da bəllidir ki, həmin görüşlərdə bəyanatlar, razılaşma sənədləri qəbul olunub və Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.

Lakin Ermənistan haqqında bunu demək ümumiyyətlə qeyri-mümkündür. Bu baxımdan, Ermənistan ciddi səhvlərə yol verməsi ilə qəbul olunmuş prinsipləri pozur. Bəs bu prinsiplər hansılardır?

SİA Ermənistanın danışıqların pozulmasına gətirib-çıxaran demarşlarının siyahısını təqdim edir:

• Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanın 4-cü bəndini pozur. Həmin bəndə əsasən, Ermənistan Qarabağda qalmış silahlı qüvvələrinin qalıqlarını bu ərazilərdən çıxarmalı idi.

• Ermənistan kommunikasiyaların blokadadan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın 4 bəndinin (1 mart 2021-ci il) icrası üçün müəyyən edilmiş tarixdən yayınıb.

• Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrasını pozaraq, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz rabitəyə zəmanət verməkdən imtina edir.

• Ermənistan Qarabağda öldürülmüş azərbaycanlıların kütləvi məzarlıqlarının koordinatlarını vermir, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş minlərlə azərbaycanlının taleyi ilə bağlı məlumat verməkdən imtina edir.

• Ermənistan bu ölkədəki Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqinə razılıq verməməklə YUNESKO-nun fəaliyyətini sabotaj edir.

• Ermənistan Zəngəzur dəhlizi boyu yolun koordinatlarını vermir (baxmayaraq ki, ötən il yolun çəkilişinə razılıq verildiyi barədə bəyanatı var idi) və dəmir yolunun tikintisinə başlamır.

• Ermənistan aprel ayında Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşdəki bəyanatı pozur. Həmin bəyanatda sərhəddə birgə komissiyaların işləməsi ilə bağlı qəbul edilmiş razılaşma əldə olunmuşdu.

• Ermənistan daha əvvəl Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bildirib və bunun ardınca isə “6 prinsipi” və “status” mövzusunu qabartmaqla Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcəyini nümayiş etdirir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan artıq iki dəfə (!) sərhədlərdə komissiyaların işləməsi ilə bağlı irəli sürdükləri öz təkliflərindən geri çəkiliblər. Bu isə Ermənistan üçün yaxın gələcəkdə yaxşı heç nə vəd etmir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə