Türkiyə-Azərbaycan birliyi strateji əlaqələrin möhkəmlənməsinə töhfələr verir ŞƏRH

Tarixi dövrləri əhatə edən Azərbaycan-Türkiyə birliyi, qardaşlığı sarsılmaz və əbədidir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə, eləcə də strateji əlaqələrin möhkəmlənməsinə töhfələr verən tədbirlər reallaşır.

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri və səfər çərçivəsində dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etmələri Türkiyə və Azərbaycan dövlətlərinin birliyinin təzahürüdür. Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı "Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir", - deyə bildirib: "Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".

Xatırladaq ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Səfər çərçivəsində iki qardaş ölkə arasında energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələləri, eləcə də bölgədəki vəziyyət müzakirə edilib. Cənab İlham Əliyev çıxışında dövlət başçısının rəhbərliyi ilə Türkiyənin inkişafına da nəzər salıb: "Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə, insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar - bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır".

Vətən müharibəsində bütün dünya dövlətləri sarsılmaz birliyin bariz nümunəsini gördü və 44 günlük müharibədə Türkiyə mənəvi və diplomatik dəstəyini göstərərək, dünyaya Türkiyə Azərbaycanın yanındadır, mesajını verdi. "Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə - Azərbaycan birliyinin növbəti təzahürüdür" – deyən Cənab Prezident xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə qardaş dövlətlərin bir yerdə olduğunu bildirib: "İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır"- deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunan ərazilərimizə səfəri bu münasibətlərin davamlığını göstərir. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanın açılışında, eləcə də bir sıra məkanlarda təməlqoyma mərasimlərində iştirakı qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasından xəbər verir. Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması mövcud əlaqələri müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu gün işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərində də qardaş dövlət Azərbaycanın yanındadır.

Azərbaycanın azad edilmiş torpaqlarında bir çox Türkiyə şirkətləri fəaliyyət göstərir. Belə ki, işğaldan azad olunan ərazilərdə yolların salınmasında, dəmir yollarının çəkilməsində və digər layihələrin görçəkləşdirilməsində öz töhfələrini verir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün Türkiyə Azərbaycana dəstək olur. Hər iki dövlətin rəhbəri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi bir daha deməyə əsas verir ki, mövcud münasibətlər keyfiyyətcə yeni mərhələyə keçib.

NATİQ ALLAHVERDİYEV

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə