Azərbaycan Ordusu Qaraliksənin həndəvərində! Erməni KİV-ləri isterikada!

“Hraparak”: “Artıq bir ildən çoxdur ki, azərbaycanlılar Qaragöl istiqamətində irəliləyiblər və uzaqlaşmırlar”

Ermənistanın “Hraparak” nəşri Azərbaycan Ordusunun fəaliyyəti ətrafında növbəti isterik məqalə ilə çıxış edib. Əsasən, ölkənin baş naziri Nikol Paşinyanın və onun hökumətinin fəaliyyətini hədəfə alan erməni nəşri iddia edir ki, Azərbaycanın Silahlı Qüvvələri Qarakilsə (ermənilər Vanadzor adlandırırlar) istiqamətində mövqelərini möhkəmləndirməklə yanaşı, bu tarixi məkanın demək olar ki, həndəvərində dayanıb.

Eyni zamanda, adıçəkilən qəzet Nikol Paşinyanın hələ növbədənkənar seçkilərdən əvvəl səsləndirdiyi bəyanatını da xatırladıb. “Ermənistan hakimiyyəti seçkiqabağı dövrdə Nikol Paşinyanın elan etdiyi kimi, Qaragölün 30%-nə görə müharibə elan etməmək yox, həm də azərbaycanlılara mane olmaq fikrində deyil”, “Hraparak” erməni baş nazirinin sözlərini xatırladır.

Erməni nəşri: “Gölə yaxın yaşayış məntəqələrindən bizə bildirilib ki, mövqelərdə növbətçi əsgərlərimizin sayı azalıb"

İsterik məqalə ilə çıxış edən adıçəkilən nəşrin iddiasına görə, diqqət çəkən daha bir məqam budur ki, Ermənistan ordusu canlı qüvvə sarıdan qıtlıq çəkir və mövqelərə lazımi qədər əsgərlər yerləşdirə bilmir. Üstəlik, dayaq nöqtələrinin məsafə uzaqlıqları bu ərazilərə məhz Azərbaycan Silahlı Qüvvələrinin daha çox nəzarət etməsinə kifayət qədər şəraitlər yaradıb. “Gölə yaxın yaşayış məntəqələrindən bizə bildirilib ki, mövqelərdə növbətçi əsgərlərimizin sayı azalıb, mövqelər bir-birindən kifayət qədər uzaqdadır və rəqib istəsə, mövcud sərhədi keçə və hətta Qarakilsəyə çata bilər”, “Hraparak” təlaşını gizlədə bilməyib.

Qeyd edək ki, ötən il mayın 12-də Azərbaycan Silahlı Qüvvələri düz xətlə Gorusdan təxminən 15 km məsafədə yerləşən Qaragöl istiqamətinə doğru irəliləyiblər və faktiki olaraq gölün ətrafında nəzarət müəyyənləşdirərək onu demək olar ki, tam şəkildə mühasirəyə alıblar.

Erməni isterikası: "Azərbaycanlılar Qaragölün ətrafında mövqelər, yollar salıblar"

Erməni KİV-ləri bununla bağlı “Google Earth”də yenilənmiş peyk fotoşəkilləri də nümayiş etdiriblər və həmin fotolardan da müəyyən etmək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən ərazilərdə sarsılmaz mövqelərə sahibdirlər, üstəlik yüksək keyfiyyətli və ən müasir standartlara cavab verən infrastrukturlar da inşa edilib.

Eyniadlı nəşr bununla da bağlı çıxış etdiyi başqa bir məqaləsində yazır: “Xüsusilə də azərbaycanlılar Qaragölün ətrafında mövqelər, yollar salıblar.

Ötən il mayın 12-də Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan Silahlı Qüvvələrinin Qaragöl və onun ətrafında 3,5 km-ə qədər irəlilədiyini bəyan edib. Lakin düz bir il keçib və Qaragöl ərazisində vəziyyət eyni olaraq qalmaqda davam edir”.

Erməni müəllif yazır ki, azərbaycanlılar ərazini dairəvi şəkildə mühasirəyə alıblar və üç yerdə dayanıblar. Eyni zamanda, Xəznivar icmasının keçmiş rəhbəri Varo Qriqoryan nəşrə açıqlamasında mövcud vəziyyətə toxunaraq vurğulayıb ki, həmin vaxtdan etibarən situasiya eyni olaraq qalmağa davam edir və Azərbaycan Ordusu bu ərazilərə nəzarətini artırır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...