Ermənistan Azərbaycanla danışıqlar prosesini pozarsa...

Mümkün proqnozlar nəyi göstərir?

Son iki həftə ərzində danışıqlar çərçivəsində cərəyan edən olaylar, daha dəqiq desək, Ermənistanın ayağısürüşkənliyi artıq elə bir mənzərə nümayiş etdirməyə başlayıb ki, həmin mənzərə hətta prosesin pozulması siqnallarını verməkdədir.

Eyni zamanda, siyasi texnoloqların da nəzərincə, yaxın iki həftədə hadisələrin müsbət, yaxud mənfi tərəfə doğru inkişaf edəcəyi anlaşılacaq – müsbət yön sülh sazişinin imzalanması prosesinin gündəmdə saxlanılması, mənfi istiqamət isə Bakının İrəvanı sülhə məcburetmə siyasətindən başqa yolunun qalmamasıdır. Onu da qeyd edək ki, son hadisələrin təhlilini apararkən də bir sıra məntiqi nəticələr çıxarmaq olar. Gəlinən qənaətlər hansılardır?

1.Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Düşənbədə sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiyaların açılması işçi qrupunun mayın 16-17-də Moskvada keçirilməli olan görüşünün Azərbaycanın rəsmi strukturları tərəfindən təsdiqlənməməsi və görüşün baş tutmaması. Yəni görüş baş tutmadısa bu zaman Azərbaycan məhz Ermənistanın ayağısürüşkən siyasəti qarşılığında növbəti danışıqlara getməyi məntiqsiz hesab edir. Nə qədər ki, İrəvan söz və vəd oyunbazlığı ilə məşğuldursa, sülh razılaşmaları prinsiplərinə sadiqlik nümayiş etdirmirsə, Bakı mövqeyini get-gedə sərtləşdirəcək və bu sərtləşdirmə yalnız diplomatik sahədə deyil, digər sahələrə də tranfer olunacaq.

2.Ermənistan tərəfinin Bakının 5 təklifinə qarşı 6 “prinsip” sürməsi qəbulolunmazdır və bu onu göstərir ki, əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Bu xüsusda, erməni tərəfinin Qarabağ ermənilərinin “təhlükəsizliklərinin təminatı” və “status” məsələsi kimi iddialarının Azərbaycan tərəfindən rədd edilməsini də göstərmək mümkündür.

3.Azərbaycan XİN-nin Ermənistanın irəli sürdüyü 6 “prinsipinə” məlum münasibəti və bu münasibətin danışıqlar prosesinin davam edilməsinin əhəmiyyətsizliyi kimi kimi qəbul olunması.

Beləliklə, fakt budur ki, erməni tərəfi özünün 6 “prinsipində” açıq şəkildə bəyan edir ki, bu onlar üçün prinsipial məsələdir. Və belə olan halda Azərbaycanın da öz prinsipiallığını ortaya qoymasından başqa yolu qalmır. Bu məsələdə isə rəsmi Bakı tarixi Qərbi Zəngəzur, Göyçə, İrəvan və s. ərazilərinin geri qaytarılması tələbini prinsipial mövqe kimi masaya çıxarmaq hüququnu əldə edir. Misal üçün, bununla bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov kifayət qədər səlis və mümkün görünən münasibətini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan parlamenti Zəngəzurun Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə verilməsi ilə bağlı qərarı qeyri-legitimlik kimi dəyərləndirə bilər.

Başqa tərəfdən, Azərbaycan Müdafiə Nazirliyinin gündəlik məlumatlarından da müşahidə edilir ki, Ermənistan tərəfi mövqelərimizi atəşə tuturlar və bu addımlara qarşı cavab atəşi ilə deyil, daha geniş miqyasda cavabın verilməsi hər an başlaya bilər. Məqsəd isə təhlükələrin neytrallaşdırılması və sərhədlərin müəyyənləşməsidir.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Türkiyədə həmkarı ilə görüşməsi də növbəti yaxın günlərdə müəyyən nəticələri çıxarmağa imkanlar yaradacaq. Fakt budur ki, istər hüquqi, istərsə də digər cəhətlərdən Azərbaycanın arsenalında Ermənistana təsir etmək üçün kifayət qədər təsir, təzyiq mexanizm tətbiqləri mövcuddur. Görünür, Paşinyanın hafizəsində ciddi problemlər yaşanır və onun xəstəliyinin müalicəsi yalnız Bakıdadır.

Biz kifayət qədər əminliklə qeyd edə bilərik ki, artıq Azərbaycan XİN-də Ermənistanın fəaliyyəti və addımları ilə bağlı ölçülər götürülür və müxtəlif variantlar nəzərdən keçirilir. Təbii ki, danışıqlar prosesi pozulursa və onu Ermənistan qəsdən törədirsə demək bu addımlarına qarşı cavabını almalıdır. Açığını desək, bu gü siyasi texnoloqların da əksəriyyəti mövcud vəziyyəti 2020-ci ilin Vətən müharibəsindən önncəki situasiyalara bənzədirlər. Həmin vaxtlarda da Ermənistan “buynuz” atmağa başlamışdı. Görünür, sonrakı 44 gündə “buynuzu” qırılmış Ermənistan onu əminliklə yapışdırdığını hesab edir, amma indiki “yapışqanlara” elə də etibar etmək olmaz...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...