“Müxalifətin aksiyası xarici qüvvələrin maliyyə dəstəyi ilə keçirilib” AÇIQLAMA

“Fəvvarələr meydanında feminist deyilən xanımlar və onlarla eyni mövqedən çıxış edən, eyni zamanda xaricdən maliyyələşən bir sıra siyasi partiyaların nümayəndələrinin icazəsiz aksiya keçirmələri və bu aksiyalarda iğtişaşlara cəhdlər göstərilməsi xaricdən idarə olunaraq ölkəmizdəki siyasi sabitliyi pozmağına hesablanmışdı. Ona görə də bir sıra xarici informasiya agentlikləri aksiyadan bir neçə gün əvvəl aksiya keçiriləcəyini sosial şəbəkələrdə təbliğ edirdilər”. Millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müxalifətin aksiyası xarici qüvvələrin müəyyən maliyyə dəstəyi ilə keçirilib: “Yəni bu sifarişli aksiya idi və müəyyən cəhdlərə baxmayaraq aksiyanın təşkilatçıları öz niyyətlərinə çatmadılar. Aksiyaya qoşulanların sayının cüzi olması və onların səsləndirdikləri şüarlar xarici qüvvələr üçün Azərbaycan ictimaiyyəti arasında yerin olmamasının göstəricisi hesab edirəm. Bu gün Azərbaycan vətəndaşları torpaqlarımızın 30 illik işğalından sonra nail olunduğumuz qələbənin ab-havası ilə yaşayırlar. Hamı ölkə başçısının yanında olduğunu nümayiş etdirir və istəkləri də işğaldan azad olunmuş ərazilərimizin tezliklə dirçəldilməsi, ölkəmizin güclənməsi və hər bir xarici müdaxiləyə qarşı mətin olmasını arzulayır. Ona görə də ölkəmizdə sabitliyi pozmağa cəhd edən dairələr bilsinlər ki, Azərbaycan ötən əsrin 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. Azərbaycan cəmiyyəti də öz dövlətini sevir heç bir xarici sifarişçilərin istəklərinin arxasınca getməyəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...