Erməni generalı Azərbaycana qarşı “3-cü dünya müharibəsi” elan etdi TƏRS BAXIŞ+AKTUAL

Valerik Koçaryanın axmaq iddiası: “Ordumuz ayağa qalxana qədər Azərbaycan sülh sazişini imzalamağa çalışır”

News.am adlı erməni saytında Ermənistan silahlı qüvvələrinin hazırlığı üzrə əsas iş şöbəsinin sabiq rəisi, general-mayor Valerik Koçaryanın bəyanatı təəccüb və istehza doğurub. SİA adıçəkilən media qurumuna istinadən xəbər verir ki, erməni general-mayoru sərsəm iddiası ilə gündəmə gəlməklə 44 günlük müharibədə Azərbaycanın Ermənistandan daha çox itki verdiyini bildirib və...

Və sən demə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa tələsməməliymiş (?!).

Əslində, sırf erməni xəstəliyinə xas olan sözügedən “analitik nəticə” qarşı tərəfdə bu kimi çoxsaylı sərsəmlərin olduğunu sübuta yetirir, həmçinin onların fikirlərinin ciddi qəbul edilməməsi arqumentini daha çox qabardır. Lakin digər tərəfdən, bu söhbətdə erməni yüksək rütbəli zabitinin yalnız axmaqlığını deyil, həm də başqa tərəfini analiz etmək mümkündür.

Beləliklə, sözügedən bəyanatda genearl-mayor Valerik Koçaryan yalnız bir məsələdən doğru nəticə çıxarıb – bəli, Azərbaycan həqiqətən də sülh sazişinin tezliklə imzalanmasını istəyir, tələb edir. Ancaq həmin tələbin səbəbini araşdırmır. Səbəb isə budur - regionun sürətli inkişafı, insanların sülh şəraitində yaşamaları və s.

Onun hərbçi olması, üstəlik, general paqonları daşıması heç də yüksək dərəcəli ağıllı ünsür olmasından xəbər vermir

Lakin Koçaryanın 44 günlük müharibədə itkilər barədə danışması, guya azərbaycanlıların ermənilərdən “daha çox” itki verməsi barədə sərsəmləmələri göstərir ki, onun hərbçi olması, üstəlik, general paqonları daşıması heç də yüksək dərəcəli ağıllı ünsür olmasından xəbər vermir. Bəli, müharibələr itkisiz olmur və Azərbaycanın mərd oğulları torpaqlarını işğaldan azad etmək üçün Vətənin bütövlüyü naminə canlarını fəda etməkdən çəkinmədilər. Amma belə bir sərsəm iddia ilə də çıxış etmək, əslində, hər şeyi bütün çılpaqlığı ilə ortalığa qoyur.

Yəni Valerik Koçaryan unudur ki, 44 günlük müharibə zamanı məsul olduğu şöbəsi erməni əsgərlərini kütləvi şəkildə güclü, müasir, 5-ci nəsil Azərbaycan Ordusunun qarşısına çıxarmaqla onlara real ölüm hökmlərini kəsirdi. Təkcə 44 günlük müharibənin rəsmi videoxronikaları, sənədləri, xüsusilə erməni hərbçilərinin panik davranışları, döyüş meydanından qaçışları özü-özlüyündə Ermənistan ordusunun texnika və canlı qüvvə baxımıdan istər ondakı, istərsə də indiki “səviyyəsini” sübuta yetirir.

Daha bir sərsəm iddia: “Azərbaycanlılar yaxşı bilirlər ki, ermənilər döyüşmək üçün birləşəndə onlar bacara bilməyəcəklər...”

Yeri gəlmişkən, erməni general-mayoru elə danışır ki, demə qənimətlər parkı Bakıda deyil, İrəvanda açılıbmış və indi də o, gəmin parkdan “qalib ruhlu” fikirlər səsləndirir. Üstəlik, Valerik Koçaryan onu da unudur ki, müharibədən sonra Azərbaycan bu gün də özünün hərbi qüdrətini artırır, ordu sıralarını gücləndirir, onun ölkəsi isə çabalamaqda, məhvə doğru sürüklənməkdə davam edir və bundan sonrakı 100 ildə çətin ki, ayağa qalxa bilsin, əlbəttə ki, sülh sazişinə imza atılmazsa!

Təəssüf ki, belə axmaq generallar korpusu Ermənistanda çoxdur və Koçaryan da onlardan biri kimi növbəti iddialarını irəli sürür. SİTAT: “Erməni ordusu müharibəni uduzmayıb, o yalnız qarşısına qoyulan tələbləri yerinə yetirib. Sadəcə güclər bərabər olmayıb. Azərbaycanı Türkiyə ruhlandırırdı, əgər tək olsaydı Ermənistana və “artsaxa” qarşı döyüşlərdən qalib çıxa bilməzdi. Bilirsiniz Azərbaycan nəyə görə sülh sənədini tez imzalamağa çalışır? Ona görə ki, onlar çox sayda itki veriblər, halbuki bu barədə danışmaq istəmirlər. Ordumuz ayağa qalxana qədər Azərbaycan sülh sazişini imzalamağa çalışır. Azərbaycanlılar yaxşı bilirlər ki, ermənilər döyüşmək üçün birləşəndə onlar bacara bilməyəcəklər...”

Azərbaycanın hərb maşınının dişləri ən kəsici ülgücdən də itidir!

Beləliklə, general-mayor Koçaryanın danışıqları, daha dəqiq desək sərsəmləmələri elə səslənir ki, guya İrəvanda fasiləsiz şəkildə mitinq edənlər müharibə vaxtı övladları həlak olan erməni valideynləri deyilmiş.

Bu gün Ermənistandakı situasiyanı nəzərdən keçirəndə Valerikin və onun kimi revanşistlərin fikirlərindən belə bir məntiqi nəticəni də hasil etmək olar – onlar Azərbaycana qarşı müharibə çağırışları edərkən yenidən öz övladlarını ət maşının ağzına verməyə çalışırlar. Azərbaycan üçün isə əslində heç bir problem yoxdur, Azərbaycanın hərb maşınının dişləri ən kəsici ülgücdən də itidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...