Qafqazın incisi olan Şuşa müasir dünyamızın ahəngində TƏHLİL

Qafqazın incisi olan Şuşa müasir dünyamızın ahəngində TƏHLİL

Prezident İlham Əliyev: "Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik"

Azərbaycanın dilbər guşəsi Qarabağımız müasir dünyamızda yeni dövrünü yaşayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Əsrlərin yaddaşında özünə yuva qurmuş Qarabağımızın tarixi, daşı, qayası, mədəniyyət abidələri, dini ocaqları hər zaman möhtəşəmliyi ilə diqqətdə olmuş və qürurla səhifələdiyimiz daş abidələrdə öz əksini tapmışdır. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böük quruculuq işlərinə başlanılıb. Yolumuzu həsrətlə gözləyən Qarabağ əzəli sakinlərinə qovuşur. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşadan müraciətində bildirdiyi kimi, "Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik."
Bu gün Şuşamızda, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevriləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Füzuli və Şuşa şəhərlərinə səfərləri zamanı burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, bu ərazilərdə ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələrinin aradan qaldırılması istiqamətində də işlər aparılır. Ermənilər işğal dövründə ərzilərimizi darmadağın etdikləri kimi, ekoloxi mühitə də böyük zərbə vurub. Təbii ki, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, quruculuq-abadlıq işləri, ekoloji tarazlığın bərpası istiqamətində ardıcıl işlər görülür.

ŞUŞANIN TARİXİ MEMARLIQ ABİDƏSİ - ŞİRİN SU HAMAMI

Əlbəttə ki, tarixi görkəmin bərpası önəmli məsələlərdəndir. Bu ərazilərdə, eləcə də Şuşada bir-birindən böyük əhəmiyyət kəsb edən abidələrimiz var və onların bərpası istiqamətində ardıcıl işlər görülür. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri qədim mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Burada - Şuşadakı Şirin su hamamı da diqqəti cəlb edir. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamının tarixinə nəzər salsaq görərik ki, bu hamam 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb. 1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb. Bu gün bir çox tarixi abidələrimiz kimi, Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

MEHMANDAROVLAR MALİKANƏ KOMPLEKSİNƏ HEYDƏR ƏLİYEV FONDU TƏRƏFİNDƏN YENİ HƏYAT VERİLİR

Şuşanın tarixi memarlıq abidələrindən, tarixi simaların söz açarkən Mehmandarovlar ailəsini vurğulamaq yerinə düşər. Bildiyimiz kimi, Qarabağ xanlığının idarə etmə aparatında bir çox hərbi və mülkü vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar idi. Mehmandarın vəzifə borcu xanlığa gələn fəxri qonaqları ölkənini sərhəddində qarşılayıb, müəyyən qonalqalarda istirahət etdirib, paytaxta, divan-dərbara gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalıq dönəmində mehmandar Mirzə Əli bəy idi. Mirzə Əli bəyin törəməsi sonralar Mehmandarov soyadını qəbul etdilər. Bu soyadın yaranması haqqında fərqli fərziyələr də var. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə Mirzə Əli bəyin səxavətli, süfrəçi, qonaqpərvər olduğundan dolayı bu soyadın yarandığını qeyd edir. O, yazır: "Mirzə Əli bəy məbrur isə sahibi-süfreyi-cud və mehmannəvaz bir vücud imiş ki, o səbəbə onun övladi-əmcadi Mehmandarov məşhurdurlar".
Şuşa şəhərində Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biri olan saray tipli tarixi yaşayış kompleksi Mehmandarovların malikanə kompleksi yerləşir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar. Şuşada Mehmandarovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir.
İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır. Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə hazırlıq görülür.

AZAD ŞUŞAMIZDA ABADLIQ VƏ QURUCULUQ İŞLƏRİ

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinə səfəri çərçivəsində "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi uğurlu layihələrin davamıdır. Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılacaq, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılacaq, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar ediləcək, xidmətin keyfiyyəti yaxşılaşdırılacaq.
Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub.
Əlbəttə ki, Şuşa şəhəri müasir görkəm alır. Hər görülən iş Şuşanın tezliklə müasir şəhərə çevriləcəyindən xəbər verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə