Trüdonun Ukrayna səfəri: erməniləri narahat edən nədir? TƏRS BAXIŞ
Dünyanın nüfuzlu siyasi-ictimai və s. nümayəndələrinin ukraynalıları ziyarət etmələri revanşistlərin “şərəflərinə” toxunurmuş
Məlumdur ki, Ukraynada münaqişə başladıqdan sonra bu ölkəyə dünyanın bir çox tanınmış nüfuzlu şəxsləri – siyasətçilər, aparıcı Avropa təşkilatlarının rəhbərləri, hətta məşhur kino ulduzları və teatr xadimləri dəstək səfərləri edirlər. Onlar münaqişənin baş verdiyi qaynar nöqtələrinə belə getməkdən çəkinmir, müharibədə yaşananlara öz gözləri ilə şahidlik edirlər.

Əgər ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Ujqorodda məcburi köçkünlərin məskunlaşdırdıqları məktəbə baş çəkmələrini də əlavə etsək, tanınmış Hollivud kinoaktrisası Anjelina Colinin, Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin, Kanadanın baş naziri Castin Trüdonun, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin və başqa şəxslərin Ukraynaya səfər etmələri, əsllində, alqışlanılası addımlardır. Amma...

Xəstə təfəkkür və travmalı beyin hüceyrələrinin aşkar simptomları özünü göstərir
Amma nədənsə bu fakt Ermənistandakı bir sıra dairələrdə qısqanclıq yaradır. Elə götürək, ölkənin aparıcı KİV-lərindən sayılan Armenianreportu. Adıçəkilən media qurumunun analitiki Razmik Akopcanyan qeyzlə yazır və məqsədini çatdırmağa çalışır ki, axı nəyə görə 44 günlük müharibə zamanı dünyanın tanınmış dövlət başçıları, nüfuzlu şəxsləri “artsaxa” səfərlər etməyiblər və oradakı ermənilərə “dəstək” göstərməyiblər və s.

Misal üçün, gəlin erməni analitikinin bir neçə cümləsinə nəzər salaq. “Artıq indi nəticə çıxarmaq lazımdır ki, bizim hakimiyyət “artsaxa” qarşı müharibədə etməli olduğu şeyi etməyib”, yazan Akopcanyan xatırladır ki, sən demə, Nikol Paşinyanın Kanadanın baş naziri Trüdo ilə münasibətləri var, hətta Nikol onu İrəvana da gətirib, corabları ilə öyünüb. Erməni yazarı burada Kanadanın baş nazirinin nə qədər qəribə görünsə də, rəngli, al-əlvan corablar geyinmək maraqlısı olduğunu bildirib və Nikol Paşinyanın da həmin corabdan geyindiyini xatırladıb. Və beləliklə, əgər Castin Trüdo İrəvanda olubsa, Nikol Paşinyanla birlikdə allı-güllü corabları ilə foto pozaları göstəribsə, demək, müharibə vaxtı o yenidən Ermənistana getməli və oradan da Qarabağa səfər etməliymiş (???)

Nə deyəsən, xəstə təfəkkür və travmalı beyin hüceyrələrinin aşkar simptomları özünü göstərir və həmin simptomların ermənilərdə mövcudluğu, əslind,ə təəccüb də doğurmur, necə deyərlər, dünyanın sağlam düşüncəli insanları bu reallığı yaxşı bilirlər.
Əks halda uduzmayacaqlarmış (???)
Lakin yenə də həmin mövzunu diqqətə alıb digər nəticələri də çıxara bilərik. Erməni analitiki yazır ki, hətta indinin özündə Trüdonu Xankəndiyə, Şuşaya, Hadruta, Kəlbəcərə dəvət etmək lazımıymış, hətta dünyanın aparıcı siyasətçilərinin hamısını həmin ərazilərə aparmaq vacibiymiş və s. Fəqət, Paşinyan bunu etmədi və nəticədə (diqqət!) ermənilər azərbaycanlılara uduzdu (???!!!) Əslində, bu kimi yanaşma günün aneqdotuna da çevrilə bilər. Yəni bütün dünya hüquqi olaraq Qarabağı Azərbaycanın əzəli torpaqları olduğunu təsdiqləsələr də, Castin Trüdo və Şarl Mişel başda olmaqla dünya ölkələrinin nüfuzlu siyasətçiləri, dövlət başçıları və s. şəxslər 44 günlük müharibədə qanunsuz şəkildə Qarabağa gedərək işğalçı ermənilərə öz dəstəklərini ifadə etməliymişlər!
Hələ bu harasıdır? Akopcanyan Ermənistanın Azərbaycanın şəhər və kəndlərini, qəsəbə və rayonlarını ballistik raket, artilleriya zərbələrinə məruz qoymaları, dinc vətəndaşlarımızın, yaşlı və körpələrimizin qətlə yetirilmələri faktını da kənara qoyub həyasızcasına, idbarcasına və murdarcasına iddia edir ki, həmin şəxslər Qarabağın ermənilər yaşayan ərazilərinə gedərək dağıntılarla tanış olmalı, bundan sonra öz haqq mübarizəsini aparan Azərbaycana qarşı sanksiyalar tətbiq etməliymişlər.

Nə deyəsən, belə bir xəstə təfəkkürlü qonşularımızın olmasına görə, sadəcə, dərindən təəssüf hissləri keçirməliyik və məhz onları bizə urcah edənlərə lənətlər yağdırmaqdan başqa da çarəmiz də qalmır...
Rövşən RƏSULOV
P.S. Yeri gəlmişkən, Azərbaycanın şanlı qələbəsindən sonra Qarabağda ermənilərin yaşadıqları ərazilərə dəfələrlə qanunsuz səfərlər həyata keçirilib, amma bu səfərlərin heç bir nəticəsi olmayıb. Nəticə o olub ki, belə şəxslər Azərbaycanın qara dəftərinə düşüblər və bununla da iş başa çatıb. İndi bəlkə də həmin şəxslər də ermənilərə lənətlər yağdırırlar ki, onların xəstə təfəkkürlərinin qurbanlarına çevrilərək Azərbaycan kimi ölkəyə ayaqlarını basa bilməyəcəklər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB