Ulu xalqımızın Ulu öndəri - Heydər Əliyev

Ulu xalqımızın Ulu öndəri - Heydər Əliyev

Tarixin yaddaşında əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı gələcəyinə, Azərbaycanının çiçəklənməsinə həsr etmiş böyük Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk növbədə, onun Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə – dilinə, mədəniyyətinə və ədəbiyyatına olan hüdudsuz sevgisi, onların qorunması və tərəqqisi uğrunda bütün dönəmlərdə apardığı taleyüklü mücadilələr, dövrün sərt qadağalarına baxmayaraq milləti və Vətəni naminə atdığı cəsarətli, tarixi addımlar, Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrdir.

“Heydər Əliyevin adı ölkəsinin müstəqilliyinin bərqərar olması, qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaq” (Gerhard Şröder, 1998-2005 Almaniya Federativ Respublikasının Federal kansleri)

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olur, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verilmir.

O, 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyir.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilir.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilir.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirir.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilir.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirir.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilir və həmin ildə də ona general-mayor rütbəsi verilir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur.

““Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı” (Toni Bleyer, 1997-2007 Böyük Britaniyanın Baş naziri)

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edir.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verir.

“Heydər Əliyev bütün həyatını doğma xalqına, öz ana Vətəninə fədakarcasına xidmətə həsr etmişdir” (Vladimir Voronin, 2001-2009 Moldova Respublikasının Prezidenti)

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir.

““Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, Heydər Əliyevin tarixi rolu misilsizdir” (İslam Kərimov, 1990-1992 Özbəkistan Respublikasının Prezidenti)
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşür, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilir.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilir və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışır.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilir.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürür və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olur.

““Heydər Əliyevin adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaq” (Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti)
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilir.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilir.

“Görkəmli siyasi xadim, çox dərin zəkaya və heyranedici cazibə qüvvəsinə malik insan – Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün çox işlər görmüşdür” (Nursultan Nazarbayev, 1991-2019 Qazaxıstan Respublikasının Prezidenti)
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürür.
“Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir” (Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikasının Prezidenti)
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edir və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunur.

“Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!” (Corc Buş, Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti)

Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür.
“Heydər Əliyev, həqiqətən, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim"( Vladimir Putin, Rusiya Federasiyasının Prezidenti)
Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

“Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm” (Butros Qali, BMT-nin 6-cı Baş katibi)

Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

““Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir” (Süleyman Dəmirəl, 1993-2000 Türkiyə Respublikasının Prezidenti)

Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi.

““Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirdim” (Jak Şirak, 1995-2007 Fransa Respublikasının Prezidenti)

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.
““Prezident Heydər Əliyev Azərbaycanın müstəqillik qazanmasının, ölkənin bugünkü inkişafının təməlini qurmaqla bərabər, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmət göstərən əvəzolunmaz lider idi” (Dzünitiro Koidzumi, 2001-2006 Yaponiya Respublikasının Baş naziri)

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz dahiyanə fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Ulu Öndər Heydər Əliyev kimi Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, ata nəsihətini yerinə yetirərək, “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycanın Şanlı Qələbəsinə nail oldu.

Mürsəl Mürsəlov

Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə