“Ulu öndər Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri, SSRİ-nin rəhbərlərindən biri, Naxçıvan Muxtar Respublikasının rəhbəri olub və müasir Azərbaycan dövlətinin qurucusudur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azəbaycanda şərait tədricən dəyişməyə başladı: “Fabrik və zavodların tikilməsi və işə salınması nəticəsində yerlərdən gənclərin paytaxta gəlməsi ilə çarizm və sovet dövrlərində milli simasını itirimiş Bakı şəhərinə milli ruh gəldi. Xarici tarixçilərin yazdığı kimi, azərbaycanlılar XX əsrdə iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinici dəfə, 1918-ci ilin sentyabr ayında Qafqaz İslam ordusu tərəfindən şəhər azad edildikdən sonra; ikinci dəfə isə özlərinə inamın artdığı 70-ci illərdə.
Dövlət müstəqilliyinin maddi təməlləri olan ərazinin qorunmasına, demoqrafik inkişafa, hakimiyyətin güclü olmasına xüsusi diqqət yetirildi. İstiqlal üçün lazım olan maddi təməllər sovet sistemi daxilində formalaşmağa başladı. Azərbaycan ərazisindən qonşu respublikalara pay verilmədi. Əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Bu isə respublikada demoqrafik inkişafa ciddi təsir etdi.
Heydər Əliyev sovet sistemi şəraitində Azərbaycanı daim didib-parçalayan, xalq haqqında mərkəzdə mənfi rəy yaradan intriqalara son qoydu. Hakimiyyətin qanadları arasında yekdillik yaradıldı. Xalq ilə hakimiyyət arasında birlik quruldu, milli kadrların yerləşdirilməsinə üstünlük verildi. Güclü hakimiyyət formalaşdırıldı. Bütün ölkədə slavyan xalqların nümayəndələri milli respublikalarda hakimiyyət kürsülərinə daha çox gətirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçılar Heydər Əliyevin uğurlarından biri kimi məhz bu amili görürdülər.
İstiqlal üçün tələb olunan mənəvi amillərin formalaşması üçün addımlar atıldı. Məlum olduğu kimi, Azərbaycanın istiqlal fikri azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmışdı. İstiqlal məfkurəsini əsər və düşüncələrində gəzdirdikləri üçün əvvəlki illərdə daim təqib olunmuş alim, şair, yazıçı və yurnalistlər azad nəzəf aldılar. Belə şəxsləri Mərkəzin cənginə verməyən Heydər Əliyev bəzən onları yüngülcə tənqid etsə də, az sonra onlara yüksən fəxri adlar və vəzifələrə verərək qoruyur və toxunulmaz edirdi. Xarici tədqiqatçılar yazır ki, şair və yazıçıların əsərlərində Azərbaycan xalqını düşündürən probelmlərin əks olunması ideyası Mərkəzi Komitənin Birinci katibinin kabinetinin açılmış pəncərələrindən yayılırdı.
Heydər Əliyev Azərbaycan dili üzrə tədqiqatların aparılmasını təşviq edir, həmin sahənin görkəmli alimlərinə dövlət mükafatlarını verirdi. Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Sovet dövründə hamının ümimi vətəni hesab edilən SSRİ-nin bir guşəsindən uzaq Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin məzarının Bakıya deyil, doğulduğu Naxçıvana köçürülməsinin dərin mənası var idi. Heydər Əliyev Azərbaycanın bir güşəsini ümumi, kosmopolit vətəndən üstün tutur, birinci yerə respublikasını qoyurdu. Hüseyn Cavidin məzarının köçürülməsi təkcə tarixi ədəbi irsin mühafizəsinə göstərilən qayğı deyil, şair, yazıçı, jurnalist və alimlərə qorxmamağa, yazıb yaratmağa bir işarə idi. Sonralar çıxışlarının birində Heydər Əliyev deyirdi: “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.
Deputat qeyd edib ki, Heydər Əliyevin fəaliyyətindən alınan ibrət çoxdur: “İlk növbədə heç şübhəsiz, göz önünə lider və idarəçilik bacarığı, daxili və dünya işlərini mükəmməl bilmək amilləri gəlir. Xalq hakimiyyət kürsüsünü naşı adamlara verməməlidir. Təcrübə göstərdi ki, bu, ölkə üçün fəlakətlər yaradır. Xalq əgər sabit və davamlı inkişaf etmək istəyirsə, dövlət güclü olmalı, dövlətinin yanında olmalı və onu qorumalıdır. Sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri Azərbaycan xalqının başlıca hədəflərinə çatmasının təməlini təşkil edir.
Soruşulur: Heydər Əliyev yolunun Azərbaycanda alternativi varmı? Heç şübhəsiz, vardır. Belə bir yolun sonu Azərbaycanı dağıtmaq, milli dövləti məhv etmək, ölkəni və xalqı parçalamaq, vətəndaş müharibəsinə sürükləmək, onu rəzil günə salmaqdır. Azərbaycan xalqı ona bədbəxtliklər gətirmiş həmin yolu birdəfəlik tarixin zibilliyinə atıb.
Ötən illərin təcrübəsi göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttdən kənara çıxmaq Azərbaycanda böyük fəlakətlərə gətirər. Bu, həm də qonşu dövlətlər üçün arzuolunmayan proseslərin başlanması olar. Bu siyasətin davam etdirilməsi həm Azərbaycan xalqının, həm qonşu dövlətlərin, həm də bütün demokratik ölkələrin maraqlarına uyğundur. Azərbaycan xalqı və dövlətinin inkişafının formulunu Prezident İlham Əliyev “yenilənmək, inkişaf, güclü dövlət və vətənpərvərlik” olaraq müəyyənləşdirib. Azərbaycanın gözəl gələcəyi vardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB