“Ermənistanda hadisələrin hansı axarda davam etməsi indiki şəraitdə Paşinyan və onun komandasının sərgiləyə biləcəyi siyasi iradə və qətiyyətdən kifayət qədər asılıdır. Parlament seçkilərində Paşinyanın əldə etdiyi inamlı qələbə göstərir ki, Ermənistanda seçki hüququ olan vətəndaşların mütləq əksəriyyəti ona və onun həyata keçirdiyi siyasi kursa etimad edirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, müxalifətin sosial bazası, habelə parlamentdə qüvvələr nisbəti erməni müxalifətinin xeyrinə deyil: “Üstəlik güc nazirlərinin Paşinyana tabeçiliyi ona müxalifətin təşkil etdiyi aksiyaların qarşısını qanunvericilik zəminində, bununla belə daxili qoşun və polislərin birgə hərəkəti ilə almağa imkan verir. Lakin Paşinyanın Moskva və Brüssel razılaşmalarının şərtlərini yerinə yetirməkdə tərəddüd etməsi, onun Azərbaycan və Türkiyə ilə münasibətlərdə mövcud problemləri həll etməkdən yayınması onun xeyrinə işləmir. Müxalifət Paşinyanı dövlət və xalq maraqlarına xəyanətdə suçlayır, onun Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyi ilə bəyanatlara məhz bu konteksdən yanaşır. Üstəlik Paşinyanın Qərbə boylanması, onun ABŞ-a olan məlum səfəri bölgə uğrunda geosiyasi qarşıdurmada Qərbin əsas rəqibi olan Rusiyanı qıcıqlandırır”.
E.Manafov onu da bildirdi ki, Paşinyan Ukraynada olduğu kimi, burada da Qərbin ona dəstək verəcəyinə ümid edir və ciddi yanlışlıqlara yol verir: “Əvvəla Azərbaycanın 44 günlük savaşda qələbəsi nəticəsində bölgədə yaranmış yeni geosiyasi reallıqları nüfuz dairəsi uğrunda burada qarşı duran tərəflər qəbul ediblər, hərçənd Qərbin bu reallıqları dəyişmək istəyi istisna deyil. Lakin Ukraynadakı qarşıdurmadan fərqli olaraq Qərbin bölgəyə hərbi konteksdə müdaxilə imkanları məhduddur. Geocoğrafi anlamda bölgə Qərbdən xeyli uzaqdır, onunla birbaşa quru sərhədlərinə malik deyil. Digər tərəfdən KTMT-nin, yəni rus NATO-sunun üzvi olan Ermənistana Qərb hərbi yardım göstərə bilməz. Ukraynadan fərqli olaraq Ermənistanda Rusiyanın hərbi bazası var və bu fakt Paşinyan da, onun Qərbdəki havadarları da gözəl başa düşürlər. Paşinyan və Qərb bölgəyə NATO-nu yaxın buraxmamaq məsələsində Rusiya ilə yanaşı İran faktorunu da nəzərə almaya bilməzlər. Nəhayət Ukraynadan fərqli olaraq Ermənistanda Rusiya yönümlü müxalifət var və onun hadisələrə təsir imkanları Paşinyanın siyasi səbatsızlığı ucbatından artmaqdadır. Nəhayət Azərbaycanla təmas xəttində Ermənistan tərəfindən atəşkəsin tez-tez pozulması göstərir ki, erməni ordusunda “Qarabağ klanı” ilə bağlı qüvvələr var. Müharibədəki məğlubiyyət faktoruna görə, Paşinyana münasibət müsbət deyil. Odur ki, Paşinyan dərhal və qeyd şərtsiz Azərbaycanla danışıqlar masası arxasına keçməli, Azərbaycan Prezidentinin təklif etdiyi 5 məlum şərt əsasında sülh danışıqlarına getməlidir. Əks halda narazı elektoratın tərəfdarlarının sayı revanşist qüvvələrin təhriki ilə durmadan yüksələcək. Paşinyanın devriləcəyi təqdirdə isə onu hakimiyyətdə əvəz edəcək indiki müxalifətin Azərbaycanla növbəti savaşa gedəcəyi Ermənistanın özündəki durum, ordunun və iqtisadiyyatın vəziyyəti, habelə Qərb uçun ciddi əhəmiyyət təşkil edən neft və qaz kəmərləri uçun yarana biləcək təhlükə baxımından mümkün deyil, olsa indiki müxalifət sülh müqaviləsi ətrafında danışıqları dayandıra bilər, zira bəlli güc mərkəzindən alacağı geosiyasi sifariş də hələlik bunu diktə edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB