Dövlətin sosial siyasəti ardıcıl və sistemlidir - DEPUTAT ŞƏRH ETDİ

Dövlətin sosial siyasəti ardıcıl və sistemlidir - DEPUTAT ŞƏRH ETDİ

"Dövlətimizin daxili siyasətinin prioritet istiqaməti olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət planlı və ardıcıl xarakter daşıyır. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, şəhid ailələrinin, qazilərin, hərbçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir: "Dövlətimizin başçısının “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” sözləri milli maraqlara söykənən dinamik praqmatik siyasətin mərkəzində insan amilinin dayanmasının daha bir təsdiqidir.

Bu il Ramazan bayramında şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobil təqdim olunub. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Ümumilikdə isə 12 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Həmin kateqoriyadan olan şəxslərin mənzillə təminat prosesi davamlı xarakter daşıyır . Müharibə əlillərini əhatə edən mühüm proqramlardan biri də avtomobillə təminatdır. Bu proqram çərçivəsində 7400 müharibə əlili avtomobillə təmin olunub.

Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğuru həm də regionda sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu. Tarixi qələbəmiz Vətən üçün canından keçən şəhidlərimizin, igid qazilərimizin canı, mərdliyi bahasına döyüş meydanında qazanılıb. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğı göstərir. Azərbaycan dövləti hər zamankı kimi bu gün də vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, şəhid ailələrinə və qazilərə diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsasını təşkil edir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə