Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi böyük əhəmiyyət daşıyır - MÜNASİBƏT BİLDİRİLDİ

Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi böyük əhəmiyyət daşıyır - MÜNASİBƏT BİLDİRİLDİ

"İşğaldan azad edilən ərazilərə Prezidentin xüsusi nümayəndələrinin təyini ölkə başçısının Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, bu ərazilərin sürətli bərpasına, inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğının göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktorunun müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulmasına ciddi həssaslıqla yanaşır: "Vətən Müharibəsi başa çatdıqdan dərhal sonra başlanan quruculuq prosesi dövlət başçsının birbaşa nəzarəti altında aparılır. Böyük miqyaslı bərpa işləri, nəhəng infrastruktur layihələrinin keyfiyyətlə və sürətlə həyata keçirilməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi yeni idarəetmə sistemi özünü tam doğruldur. Ölkə başçısı dəfələrlə bildirib ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlar həm də Qarabağda, Şərqi Zəngəzurda forma və məzmunca yeni, daha çevik və müasir idarəçilik sisteminin yaradılmasını özündə ehtiva edir. İşğaldan azad edilmiş hər bir şəhər və rayonlarımıza prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev yeni nümayəndələrin qarşısında çox ciddi vəzifələr qoyur, onlara şəxsən tapşırıqlar verir. Şübhə yoxdur ki, Prezidentin xüsusi nümayəndələri göstərilən etimadı doğruldacaq və tarixi torpaqlarımızın bərpası, soydaşlarımızın öz doğma yurdlarına qayıdışını tezləşdirmək prosesinə öz töhvələrini verəcəklər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə