"Prezidentin şəhidin ailə üzləri ilə söhbəti, söylədiyi fikirlər..." - QHT RƏSMİSİ DANIŞDI

"Prezidentin şəhidin ailə üzləri ilə söhbəti, söylədiyi fikirlər..." - QHT RƏSMİSİ DANIŞDI

“Müqəddəs Ramazan bayramında, may ayının 2-də cənab Prezident İlham Əliyev, xanımı birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş yeni yaşayış kompleksinin açılışında iştirak edib”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, bu açılışın Ramazan bayramı günündə həyata keçirilməsi heç də təsadüf deyil: “Bu, həm də bizim milli və dini dəyərlərimizə verilən bir qiymətdir ki, belə bir gündə sosial təbəqənin insanları unudulmur. Bu ölkə başçısının siyasətinin tərkib hissəsidir. Qeyd edim ki, bu kompleks 12 binadan, 576 mənzildən ibarət yaşayış kompleksidir. Təxminən 3 hektara yaxın ərazini əhatə edir. Burada müxtəlif otaqlı mənzillər vardır ki, cənab Prezident 200-dən çox yeni mənzili və 50 avtomobili ehtiyacı olan şəxslərə təqdim etdi. Yaşayış kompleksində yalnız mənzillərin deyil, eyni zamanda bu kompleksin içərisində inşa olunan digər binaların açılışının da şahidi olduq. 100 yerlik uşaq bağçasının inzibati binasının açılmasının, həmçinin sakinlərin övladlarının asudə vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif ərazilərin hazır vəziyyətə gətirilməsinin və kompleksin bütün zəruri infrastrukturlarla təmin edilməsinin şahidi olduq. Şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilən mənzillər və avtomobillər nəinki onların, həm də bütün Azərbaycan vətəndaşlarının sevincinə səbəb olan bir hadisədir.

Qeyd edim ki, sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar onu göstərir ki, Azərbaycan dövləti sosialyönümlü dövlət modeli formalaşdırıb və bunun da tərkib hissəsini əhalinin aztəminatlı təbəqəsi ilə bərabər şəhid ailələri, qazilər təşkil edir. Dövlətin şəhid ailələrinə və müharibə əlillərinə olan diqqət və qayğısını hər zaman hiss etmişik. Həmçinin onu da qeyd edim ki, ölkə başçısının məhz bu təbəqədən olan şəxslərə qarşı sosialyönümlü tədbirlər kompleksi təkcə mənzillərlə kifayətlənmir.

Nəzərə alaq ki, 103 min sosial ödəniş təyin olub, həmçinin mənzil proqramı postmüharibə dövründə 5 dəfə genişlənib. 2021-ci ildə 3 min 500 mənzil təqdim olunub və 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7 min 400 nəfər isə avtomobillə təmin olunub. Bunların hamısı onu göstərir ki, bu təbəqədən olan insanlar dövlət başçısının şəxsi nəzarətindədir. Müharibədə iştirak etmiş şəxslərə və onların ailələrinə sosial-psixoloji yardımların göstərilməsi, reabilitasiya xidmətlərinin göstərilməsi, aktiv məşğulluq proqramına 10 mindən çox insanın cəlb edilməsi, eyni zamanda vahid əlaqələndirmə mərkəzləri tərəfindən 30 min şəxsə xidmətlərin göstərilməsi cənab Prezidentin bu təbəqədən olan insanlara diqqət və qayğısını əks etdirən siyasətinin tərkib hissəsidir. Diqqət çəkən məqamlardan biri də odur ki, İlham Əliyev və Mehriban xanım Əliyeva Füzulinin azad olunmasında qəhrəmanlıqla iştirak edən, vətən uğrunda cəsur döyüşçü medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinə qonaq olmuşlar. Cənab Prezidentin şəhidin ailə üzləri ilə söhbəti, söylədiyi fikirləri və çağırışları bizim üçün olduqca əhəmiyyətlidir. Ölkə başçısı qeyd etdi ki, bütün məmurlar, yerli və ali icra orqanları şəhid və qazi ailələri ilə həmişə bir yerdə olmalı, onlara diqqət və qayğı göstərməlidir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə