Azərbaycan dünyanın beyin mərkəzlərinin ənənəvi məkanına çevrilib MƏQALƏ

Azərbaycan dünyanın beyin mərkəzlərinin ənənəvi məkanına çevrilib MƏQALƏ

İlham Əliyev: “Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir”

Prezident İlham Əliyevin müdrik liderliyi ilə son illər Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə qazandığı par­laq uğurlar dünyanın siyasi isteblişmentinin, xüsusilə beynəlxalq beyin mərkəzlərinin diqqətini özünə cəlb edir. Azərbaycan dövləti artıq təkcə regional deyil, həm də qlobal güc və nüfuz sahibinə çevrilib. Dünya siyasətini yönəldənlər bunun fərqindədirlər. Görünən budur ki, hazırda dünyanın görkəmli siyasətçiləri, elm və mədəniyyət xadimləri, nüfuzlu beyin mərkəzləri böyük həvəslə Azərbaycana gəlir, buradakı sürətli inkişaf və tərəqqini öz gözləri ilə görməyə çalışırlar. Onların çoxu bir qayda olaraq etiraf edir ki, burada gördükləri gözlədiklərindən və ümid etdiklərindən də yüksək olur.

Ümumiyyətlə, ölkəmizdə güclü lider və qüdrətli dövlət tandemi formalaşıb. Regionun lider dövləti olan Azərbaycan sülhsevər, ədalətli və prinsipial siyasət xətti yürüdür, məhz buna görə də bütün dünyaya, eləcə də intellektual beyin və düşüncə mərkəzlərinə tam açıqdır. Azərbaycan haqlı olduğu qədər, bölgədə haqqın, ədalətin bərqərar olunmasında qərarlı və israrlıdır.

Onu da qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak ediblər.Məhz bu məqamda haqlı olaraq sual edilə bilər: Beyin mərkəzləri nədir və onların dünya siyasətinə təsir imkanları hansı səviyyədədir? Bu xüsusda qeyd etmək lazımdır ki, son illər dünyanın aparıcı ölkələrində dövlət siyasətinin müəyyənləşdirilməsində dövlət qurumları ilə yanaşı, qeyri-dövlət qurumlarının da rolu artmaqdadır. Belə qurumlar beyin mərkəzləri adlanır. Dünya praktikasında, xüsusilə də Qərbdə bu təcrübədən geniş istifadə olunur. Xüsusilə siyasi məsələlərdə dövlətin inkişafına dəstək olan bu mərkəzlər xüsusi sifarişlər əsasında hesabatlar hazırlayır. Dövlət isə bu hesabatların əsasında müəyyən məsələlər üzrə atacağı addımları müəyyənləşdirir.

Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları aparılan müzakirələr zamanı bir sıra mühüm və əhəmiyyətli fikirləri ilə forumda qaldırılan sualları cavablandırıb, o cümlədən, qeyd edib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaradıb və bu reallıq ölkəmizin re­gionda sabitliyin qorunmasına, bölgənin iqtisadi inkişafına təsir etməsinin göstəricisidir.

“Bu, artıq bir ənənədir. Sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqişədən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir”, deyə dövlət başçımız vurğulayıb.

Dövlətimizin başçısı tədbirdəki parlaq çıxışında beynəlxalq beyin mərkəzlərinin aparıcı mütəxəssislərinin ölkəmizə səfərini yüksək qiymətləndirərək vurğulayb ki, ölkəmiz dünyanın mərkəzi rolunda çıxış edir və Azərbaycan dövləti qarşıda dayanan bütün mühüm və qlobal çağırışların həyata keçirilməsi, realizəsi üçün var gücü ilə əaliyyət göstərir.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları da bu xüsusda bildiriblər ki, onlar Azərbaycanı ziyarət etmələrindən son dərəcə məmnundurlar və Azərbaycanın əldə etdiyi uğurlar olduqca qürurverici olduğu qədər, Prezident İlham Əliyevin liderliyi ilə ölkədə aparılan düzgün siyasətin məntiqi nəticəsidir. Xarici qonaqlar Azərbaycanın həyata keçirdiyi bərpa proseslərindən heyran qaldıqlarını xüsusilə vurğulayıblar.

Beləliklə, biz əminliklə deyə bilərik ki, beynəlxalq beyin mərkəzlərinin Azərbaycanla sıx əməkdaşlıqda məraqlı olması bu gün reallıqdır. Bu, ilk növbədə, Azərbaycan dövlətinin artan nüfuzu­na dəlalət edir. Eyni zamanda, dünya siyasətinə təsir imkanları olan dostlarımızın sayı artır. Qarşıdakı illərdə isə ölkəmizdə bu kimi qlobal tədbirlərin, forum və konfranslarınkeçirilməsi daha da artacaq və bütün bunlar bariz reallıqların məntiqi təcəssümü olaraq qiymətləndirilir.

i

Zərifə QULİYEVA,

“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə