Azərbaycan Prezidenti İlham Əliyev həm qətiyyətlə, həm də açıq tərzdə öz mövqeyini ifadə edərək, qalib ölkəmizin möhkəm iradəyə əsaslanan liderlik obarızını tərənnüm etdirdi və dünyaya sübut etdi ki, Azərbaycan dövləti qarşıya qoyulan bütün məqsədlərini realizə etmək, həyata keçirmək gücündə və əzmindədir!
Hələ 44 günlük Vətən müharibəsi zamanı Ermənistandakı siyasi qüvvələr əllərində olan bütün imkanlarından maksimum istifadə edərək KTMT-dəki müttəfiqləri Rusiyanın Qarabağ savaşına cəlb olunacağı üçün çalışırdılar. Lakin onların bu maraqları nəinki təmin olunmadı, əksinə, bu maraqlar üzərindən çalın-çarpaz xətlər çəkildi. Əbəs deyil ki, hazırda da Ermənistandakı bəzi revanşist qüvvələr bu sualı özlərinə verməkdədirlər - əcəba, Rusiya bizim müttəfiqimiz ola-ola nəyə görə açıq şəkildə müharibədə tərəfimizdən çıxış etmədi və s...
İlham Əliyev: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi”
Əslində fakt budur ki, Rusiya Ermənistana illər uzunu silah yardımları göstərirdi və bunu dövlət başçımız “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında da vurğuladı. Lakin hər şeyə rəğmən, Azərbaycan əlində olan bütün imkanlarından yararlanaraq, eləcə də diplomatik xətləri ilə bir sıra addımların qarşısını almağa müvəffəq oldu. Əbəs deyil ki, dövlət başçımız bu barədə danışarkən bəzi mühüm xatırlatdı. Misal üçün, Gürcüstan üzərindən hava və quru yolu ilə Rusiyadan Ermənistana daşınan hərbi məqsədli təchizatların keçirilməsinin qarşısı alındı və rəsmi Tiflis buna icazə vermədi. Təkcə bu fakt belə qənaətə gəlməyə zəmin yaradır ki, torpaqları işğala məruz qalan Gürcüstan birmənalı olaraq ərazilərini işğaldan azad edən Azərbaycana birmənalı dəstəyini göstərdi.
Başqa tərəfdən, daha bir fakt budur ki, Rusiyanın Qarabağdakı hərbi əməliyyatlara qatılmaması beynəlxalq hüquq normalarından doğan tələblərlə bağlı oldu. Əgər savaş Ermənistanın ərazisinə keçid alsaydı, bu zaman hər hansı faktorlardan danışmaq olardı, lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan öz əraziləri daxilində hərbi əməliyyatlar keçirir və heç bir xarici müdaxiləyə imkan verilmirdi. Bununla bağlı dövlətimizin başçısı həmin məqamı belə şərh edib: “Ermənistanda gözləntilər var idi ki, Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək. Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi. Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük. Beləliklə, bu, baş vermədi”.
Azərbaycan Prezidenti: “Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı”
Yuxarıda qeyd edilən silah daşınması aktlarına gəlincə isə Prezident İlham Əliyev həmin məsələni belə şərh edib nəticə çıxarıb: “Bununla yanaşı, bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq”.
Azərbaycan Lideri: “Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu... Yəni, vəziyyət belə idi və biz 44 günlük müharibənin bu hissəsini gizlətməməliyik”
Yeri gəlmişkən, Gürcüstandan fərqli olaraq, daim Azərbaycanla dostluq və yaxın qonşuluq prinsiplərindən çıxış edən elə ölkələr də oldu ku, onların 44 günlük müharibə zamanı tətbiq etdikləri siyasətləri arzuolunan kimi qəbul edilə bilməzdi. Xüsusilə, Türkmənistanın, Qazaxıstanın, İranın Azərbaycanın müraciətlərinə rəğmən, Rusiya yük təyyarələrinin hava məkanlarından buraxmaları yalnız təəssüf hissi doğura bilər. Ancaq daha bir amil ondan ibarətdir ki, Azərbaycan Prezidenti, ilk növbədə, heç nəyi gizli saxlamayaraq, doğrunu vurğulayır və həqiqəti önə sürməklə ölkəmizin bütün çətinliklərdən üzüağ-alnıaçıq çıxdığını nümayiş etdirir. Gəlin cənab İlham Əliyevin bu fikirlərinə diqqət yetirək: “Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu”.
“Yəni, vəziyyət belə idi və biz 44 günlük müharibənin bu hissəsini gizlətməməliyik”, deyən ölkə başçımız əslində həmin ölkələrin zamanında və vaxtında doğru seçim etmələri üçün daha dərindən düşünməli olduqlarını xatırlatdı. Necə deyərlər, gün gələr, dövran keçər...
Beləliklə, Ermənistanın gözləntilərinin daha yüksək olduğunu xatırladan cənab Prezident İlham Əlliyev ermənilərin Rusiya ordusunun Azərbaycana gələrək separatizmi müdafiə edəcəyini düşünsələr də bu baş vermədi. Habelə, ermənilərdə ciddi məyusluq da yaşanırdı: “Ancaq işğal illəri ərzində bizim Ermənistan hökuməti və diasporunun necə fəaliyyət göstərməsi ilə bağlı məlumatımız var idi. Onlar hesab edirdilər ki, bütün dünyanın onlara borcu var və kimsə gəlib onları müdafiə edəcək, onların əvəzindən döyüşəcək, gəlib onlara pul verəcək, digər yardım edəcək. Bunlar isə oturacaqlar və bu şübhəli “faciədən” sui-istifadə edəcəklər. Hər bir xalqın özünün tarixində faciəvi məqamları olub. Onların problemi isə ondan ibarətdir ki, onların ideologiyaları gələcəyə baxmaq əvəzinə şübhəli və qondarma tarixi faktlara əsaslanır”.
Beləliklə, fakt budur ki, Azərbaycan Prezidenti İlham Əliyev həm qətiyyətlə, həm də açıq tərzdə öz mövqeyini ifadə edərək, qalib ölkəmizin möhkəm iradəyə əsaslanan liderlik obrazını tərənnüm etdirdi və dünyaya sübut etdi ki, Azərbaycan dövləti qarşıya qoyulan bütün məqsədlərini realizə etmək, həyata keçirmək gücündə və əzmindədir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB