Azərbaycanla Qırğızıstan arasında münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib ŞƏRH

Azərbaycanla Qırğızıstan arasında münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib ŞƏRH

Eyni soykökə, mədəniyyətə və ənənələrə malik Qırğızıstanla Azərbaycan arasında qardaşlıq, əməkdaşlıq münasibətləri tarixin bütün zamanlarında qarşılıqlı hörmət və ehtiram üzərində qurulub. SSRİ-nin süqutundan sonra ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ildən başlanılıb. Lakin ilk dövrlər münasibətlər arzulanan səviyyədə olmasa da, sonrakı vaxtlarda yüksələn xəttlə inkişaf etməyə başlayıb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri, keçirilən görüşlər də əlaqələrin bütün sahələrdə inkişafından xəbər verir. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı.“İmzalanmış sənədlər sırasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”u xüsusi vurğulamaq lazımdır. Qırğızıstan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Gələn il Qırğızıstan Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Cənab Prezident bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlığın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkdi. Ölkəmizə səfərindən məmnunluğunu bildirən Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam etdirməyin vacibliyinə diqqət çəkdi.

Sonda onu qeyd etmək istərdim ki, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu uğurlar Prezident cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.

AZAD ABBASOV

Bütün xəbərlər Facebook səhifəmizdə