Baydenin erməni soyqırımını yad etməsi dünya tarixində qara ləpir qoymuş ABŞ siyasətinin nümunəsidir ŞƏRH

Baydenin erməni soyqırımını yad etməsi dünya tarixində qara ləpir qoymuş ABŞ siyasətinin nümunəsidir ŞƏRH

Tarixi, iqtisadi coğrafiyanı, siyasət və diplomatiya tarixini bilməyən bəzi naşı dövlət başçıları öz qarayaxmaları və böhtanları ilə çığır-bağır salırlar.

XIX əsrin 60-cı illərindən erməni millətçilərinin beynini dolduran Avropa və ABŞ "Böyük Ermənistan" dövləti yaratmaq lazım olduğunu erməni millətçilərinə tapşırıq vermişlər, bu məqsədlə onlara daimi maliyyə yardımları edirlər.
Avropa ölkələrinin və ABŞ-ın məqsədi Osmanlı imperiyasını parçalamaq, Rusiyanın cənubunda yeni ərazilər əldə etmək idi. Məqsədlərinə nail olmaq üçün bu işdə erməni millətçilərindən məharətlə istifadə etdilər. 1890-cı ildən siyasi fəaliyyətə başlayan "Daşnaksütyun" partiyası bu ideyaya sahib oldu və onu əsas məqsədi hesab elədi. Əvvəlcə Türkiyə ərazisində erməni dövləti yaratmağa çalışan bu millətçi partiya sonradan "dənizdən-dənizə", yəni Qara dənizlə Xəzər dənizi arasındakı ərazilərdə "böyük Ermənistan" yaratmağı öz proqramı kimi qəbul etdi. Bu əfsanəvi dövlətin ərazisi cənubdan Dəclə və Fərat çaylarının başlanğıcı, şimaldan isə Rostova, hətta Voronejə qədər çatmalı idi. Bu xülya indi də erməni milli hərəkatında maksimum məqsəd kimi qalmaqdadır.
Milli münasibətlərdə tarazlığın pozulması milli ekstremizmin meydana gəlməsi problemlərinin təşəbbüsçüləri, havadarları və himayədarları, onu maliyyələşdirən Qərb və ABŞ siması hamıya bəllidir. 1915-ci ildə ermənilərin kütləvi qırğını haqqında uydurmanı SSRİ və xarici dövlətlər təsdiq etməsələrdə də İrəvanda bu münasibətlə 1987-ci ilin aprel ayının 24-də "Sisernakaberd" adlı abidə qoyulmuşdur. Azərbaycan KP MİK Rəyasət heyəti təklif edir ki, erməni tarixçisi A. Lalayanın "Əksinqilabçı" "Daşnaksütyun" və 1914-1918-ci illərin müharibəsi" məqaləsindəki aşağıdakı cümlələrini olduğu kimi yada salaq:
"Daşnaksütyun"un 1914 -1918-ci illər imperialist müharibəsində iştirakı təcavükar, antixalq xarakter daşıyırdı və "Daşnaksütyun"un müharibədə iştirakı erməni burjuaziyasının iradəsinin ifadəsi idi və çarizmə, ingilis-fransız və Amerika imperializminə lakey xidməti göstərmək idi. Bunu təsdiq edən faktlar olduqca çoxdur.
"Könüllülər" hərəkatı onunla səciyyələnir ki, daşnak dəstələri başda qaniçən Andranik, Amazasp və başqaları olmaqla türk qadın və uşaqlarını, qoca və xəstələri doğrayıb-güllələməkdə yüksək "cəsarət " göstərmişlər. Daşnakların sahib olduqları türk kəndləri canlı adamlardan "təmizlənmiş", xarabalığa çevrilmiş və küçələri cəsəd yığınına çevrilmişdir. Bu daşnak "qəhrəmanlarından" biri... 1920-ci ildə öz qəhrəmanlığını belə yazırdı: Mən "Basarkeçərdə... türk əhalisini məhv etdim, özü də kimliyinin fərqinə varmadan. Lakin bəzən gülləyə də heyfin gəlir. Bu köpəklər üçün ən ağıllı tədbir döyüşdən sonra yaralıları quyulara doldurub üstündən də ağır daş tökməkdiki, bir də işıq üzü görməyələr. Mən belə də etdim, onların kişilərini, qadın və uşaqlarını yığıb öldürüm, quyulara tulladım, üstündən də daş doldurdum...".
Beləliklə, daşnak könüllülərindən birinin hərəkatı on minlərlə türk zəhmətkeşinin məhv edilməsi ilə nəticələnmişdi". İndiki hadisələr dövründə 1915-ci il qırğınlarından danışanlar bu qırğının səbəbkarları və onun kökü barədə bircə kəlmə də olsun demir, beynəlxalq imperializmə xidmət edən bu başkəsənlərin iç üzünü açıb göstərmirlər.
Azərbaycan KP MİK Rəyasət heyəti hesab edir ki, ABŞ Prezidenti Coo Bayden kimi ikili mövqeli siyasi saxtakarın 24 aprel 2022-ci il tarixdə erməni soyqırımını yad etməsi dünya tarixində çoxlu qara ləpir qoymuş ABŞ siyasətinin nümunəsidir.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərməsi, vətən uğrunda canlarından keçən 2858 igidin qanını yerdə qoymadı, Qəhrəman Ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımının qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30 illik işğaldan sonra vətənə qovuşdu.
2020-ci il Azərbaycan tarixinə böyük dönüş, möcüzələrin gerçəyə çevrilməsi kimi yazıld. İki əsrdir mövcud olan, son 30 il ərzində isə savaşla davam edən qanlı münaqişə qüdrətli Ali Baş Komandanımız İlham Əliyevin və rəşadətli Ordumuzun hərbi qələbələri sayəsində birdəfəlik həll olundu. Vətən müharibəsi Azərbaycanın regional liderliyini birmənalı təsbit etdi və ölkəmizi Avratlantik məkanda nüfuzlu söz sahiblərindən birinə çevirdi. Bizim bu Qələbəmiz Avropa və ABŞ siyasətçilərini çox məyus edir və onlanın gələcək planlarını alt-üst etdi.
Böyük imperiyaların dağılması prosesi gücləndikcə onun xırda xalqlar üzərində siyasi təsirləri zəifləyir. Lakin imperiyaların süqutu sakitliklə başa çatmır. Onun dərinlərə kök atmış təxribatçılıq işləri son ana qədər davam edir. İndi xalqları çaşdıran, onu doğru yoldan çəkindirməyə çalışan çoxlu qüvvələr yaradılıb.
Gərək ayıq-sayıq olaq, unutmayaq ki, indi siyasət dəyirmanından çox qarışıq sular axır, həqiqət dəyirmanı susanda fəlakət dəyirmanı işə düşür.

Hacı Hacıyev
Azərbaycan KP MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə