Müzəffər komandanın Zəfər qurultayı

Müzəffər komandanın Zəfər qurultayı

Bildiyimiz kimi, bu günlər bütün dünyanın nəzəri Azərbaycana – onun mədəniyyət beşiyi olan Şuşaya yönəlib. Çünki aprelin 22-də Şuşa şəhərində tarixin yaddaşında Zəfər Qurultayı kimi qalacaq böyük bir tədbir - Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidentı İlham Əliyevin də qeyd etdiyi kimi, qurultayın belə adlandırılması təbii idi, çünki erməni işğalçıları üzərində tarixi Zəfərdən – “Dəmir yumruğ”un qələbəsindən sonra ilk dəfə idi ki, dünya azərbaycanlıları bir yerə toplaşaraq qurultay keçirirdi. Ulu öndərimizin layiqli davamçısı olan İlham Əliyevin: “Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir” – deməsi qurultay iştirakçılarının, eləcə də mənim kimi televizor ekranı qarşısında oturaraq onu izləyən minlərlə vətənpərvər azərbaycanlının ürəyini günəşdən də çox isitdi.
Möhtərəm prezidentimiz öz çıxışında böyük qürurla qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururdular. Hər bir Azərbaycan övladı üçün torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Təkcə Azərbaycanda yaşayan azərbaycanlılar deyil, Azərbaycanın hüdudlarından kənarda - xaricdə yaşayan milyonlarla azərbaycanlı müharibənin gedişatını izləyir, eyni zamanda öz çıxışlarında, sosial şəbəkələrdə şərhlərində və digər imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini, haqq işini dünya ictimaiyyətinə çatdırmağa çalışırdılar. “Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq”, – deyən İlham Əliyev müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərin - qəhrəman oğullarımızın tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərərək tarixi missiyanı həyata keçirdiklərini, bu tarixi qələbə müjdəsini Azərbaycan xalqına bəxş etdiklərini, dünya azərbaycanlılarının həmrəyliyinın qələbə ilə yekunlaşdığını bir daha vurğuladı. Gənc nəslin vətənpərvər ruhda yetişməsində əməyi olan hər bir müəllim kimi mən də sonsuz qürur hissi keçirdim bu sözləri eşidəndə...

Ali Baş Komandanımız öz çıxışında göstərdi ki, Qarabağ münaqişəsinin həll edilməsi onun üçün başlıca vəzifə idi. 2003-cü ildən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi üçün o bütün gücləri səfərbər edib. Uzun illər ərzində olduğu kimi, 44 günlük savaş ərzində də Azərbaycan təkcə Ermənistanla müharibə aparmayıb, Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdən beynəlxalq təşkilatlarla - Ermənistanın himayədarları ilə də müharibəni aparıb. Heç vaxt işğalla barışmaq fikrində olmayan Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoyub, Vətən uğrunda gözünü qırpmadan ölümə getməyə hazır olan oğulları sayəsində tarixi ədaləti bərpa edib, beynəlxalq hüququ bərpa edib. İşğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər çəkilmişdi, bölgənin coğrafiyası çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusunda bir dənə də fərari olmadı və Azərbaycan ordusu Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə qələbə çaldı. Bununla da biz bütün dünyaya Azərbaycan əsgərinin Vətən sevgisindən qaynaqlanan gücünü, Azərbaycan xalqının qələbəyə inamını və əzmini, xalq-iqtidar birliyini və bütün dünya azərbaycanlılarının birliyini göstərdik, sübut etdik ki, necə böyük xalqıq.

Öz tarixi çıxışında ana dilimizin bütün dünya azərbaycanlılarını birləşdirən əsas faktor olduğunu vurğulayan İlham Əliyev müxtəlif ölkələrdə Azərbaycan məktəblərinin açılmasına hər zaman kömək göstəriləcəyini, bununla da birliyimizin daha da möhkəmlənəcəyini bildirmişdir. “Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar”, - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”, - deyən prezidentimiz işğaldan azad edilmiş torpaqların gələcək inkişaf perspektivlərindən söz açmaqla bərabər, müharibədən sonrakı dövrdə - hazırki vəziyyətdə dünya azərbaycanlılarının qarşısında duran vəzifələri də açıqlamışdır: “Hər birimiz, həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları - bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar”. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar, işğaldan azad olunmuş bütün ərazilərdə erməni vandalizmi, bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, bölgənin gələcəyi naminə Azərbaycanın sülh gündəliyi təqdim etməsi - Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına çalışması haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmaq indi bütün dünya azərbaycanlılarının əsas vəzifəsi olmalıdır.
Prezidentimizin çıxışını dinləyir, düşünürdüm: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, sənin qurultaylar, musiqi festivalları, bir-birindən gözəl tədbirlər dolu xoş gələcəyin qarşıdadır. Əziz Şuşa, biz səni dirçəldəcəyik, biz səni yaşadacağıq. Biz səninlə daha xoşbəxt yaşayacağıq!”

Könül Məmmədli

Xəzər rayonu, Emin Əliyev adına 234 №li tam orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə