Qarabağda növbəti təxribata cəhd: erməni-fransız planları RSK kontekstində TƏRS BAXIŞ+ÖZƏL
Xatirinizdədirsə ötən ilin sonlarında, dekabr ayında Fransa prezidentliyinə namizədliyini irəli sürmüş fransalı siyasətçi Valeri Pekress Qarabağa qanunsuz səfər etmişdi. Məhz onda rəsmi Bakı sərt şəkildə Pekressin avantüraçı addımına münasibətini göstərdi, Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı və ona etiraz notası təqdim edildi.

Vurğulandı ki, Fransadan olan bir qrup siyasətçinin mövcud addımı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirir, eləcə də Azərbaycan-Fransa ikitərəfli münasibətlərinə zərər vurur, o cümlədən, Fransanın regiondakı nüfuzuna da xələl gətirir.

Lakin burada daha bir məqam müvəqqəti olaraq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyətsizliyi və ya dolayı cəhdləridir. Daha dəqiq desək, əgər Pekressin qanunsuz səfərində Fransa və Ermənistan tərəfi rol oynayıbsa, buraya RSK-nı da əlavə etmək lazımdır. Çünki fransız siyasətçisini Xankəndiyə Laçın dəhlizindən buraxan da məhz RSK olub!
Prezident İlham Əliyev: “Laçın dəhlizi bizim nəzarətimiz altındadır”
Bununla əlaqədar 2022-ci il, yanvarın 12-də Azərbaycan jurnalistlərinə müsahibə verən Prezident İlham Əliyev də ayrıca münasibət bildirib. O qeyd edib ki, hər dəfə belə qanunsuz səfərlər həyata keçirilərkən Rusiya tərəfinə rəsmi qaydada pretenziyalar bildirilir. Dövlətimizin başçısı onu da qeyd edib ki, müdafiə nazirimiz dəfələrlə öz həmkarına məktub ünvanlayaraq RSK missiyasının rəhbərliyi ilə bağlı iradlarını çatdırıb və analoji addımlar Valeri Pekressin sonuncu səfərindən sonra da atılıb.

“O ki qaldı qıcıq doğuran məsələlərə, əlbəttə, bu, bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekressin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır”, deyə ölkə rəhbərimiz müsahibəsi əsnasında deyib. SİTAT: “Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır”, deyə dövlətimizin başçısı müsahibəsi zamanı xüsusilə vurğulamışdı.
Qarabağa təxribatçı səfər edəcəyini deyən Paris meri Ann İdalqo Fransada keçirilən prezident seçkilərinin birinci turundaca rüsvayçı məğlubiyyətlə qarşılaşıb – cəmi 1,75%!
Beləliklə, fransalı siyasətçilərin ermənilərə olan aşırı məhəbbətləri, eləcə də “miatsum” adlı miflərinə dəstək göstərmələri bizləri daha ayıq-sayıq olmağa tərəf istiqamətləndirməkdədir. Özü də yalnız fransız siyasətçiləri ilə bağlı deyil, həm də RSK-nın fəaliyyəti də burada daim diqqətdə saxlanılmalıdır ki, bundan sonra bir daha “bilmədik”, “xəbərimiz yox idi” tipli bəhanələri ilə özlərini “təmizə” çıxarmasınlar.
Məsələ ondadır ki, aprelin 22-də Paris şəhərinin meri Ann İdalqo (bu şəxs qatı ermənipərəstdir və Fransada keçirilən prezident seçkilərinin birinci turundaca rüsvayçı məğlubiyyətlə qarşılaşıb – cəmi 1,75% səslə rəqabətdən kənara atılıb)

Qondarma “erməni soyqırımının 107-ci ildönümünə” qatılıb və Fransanın erməni təşkilatları koordinatorluğunun nümayəndə heyətini qəbul edib. Mer, görüşü zamanı ənənəvi “erməni əzabkeşliyi və məzlumkeşliyi” barədə necə deyərlər, çənə döyüb, “böyük xatirə anı” haqqında çərənləyib və nəhayət Azərbaycanın Qarabağ regionuna gəlib-çıxan bir ifadə işlədib.
“Paris şəhər şurası Qarabağın “müstəqilliyini” tanmağa hazırdır və müharibə vaxtı psixoloji travmalara məruz qalmış veteranlara maliyyə yardımları göstərmək arzusundadır. Mənim qarşıdakı vaxtlarda Ermənistana və Qarabağa (???!!!-R.R.) səfərim gözlənilir”, deyə Ann İdalqo sərsəmləyib.
Göründüyü kimi, minimum yaxın 5 illik müddətdə dövlətə başçılıq etmək arzusundan məhrum olan Ann İdalqo hələ də erməni dəstəyindən yararlanacağı fikrindədir. Çünki qarşıdan gələn bələdiyyə seçkilərində də təmsil etdiyi siyasi təşkilatın qələbəsi onun üçün vacibdir. Ona görə də Parisin erməni küçələrindəki erməniləri öz əlində saxlamağa çalışır, bu vasitə ilə Azərbaycanın Qarabağ regionuna təxribatçı səfər edəcəyini bildirir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, daha sonra “bilməmişdik”, “məlumatsız idik” kimi boyunqaçırmalar olmamalıdır!
Və belə olan halda artıq o özünün Qarabağa gedən yolunu bəri başdan kəsmiş olub. Artıq onun bəyanatı Azərbaycanın diqqətindədir və əsla qələt edib Qarabağa getmək imkanı ona verilməyəcək, əlbəttə ki, digər bir məsələ də diqqətdə saxlanılmalıdır – RSK-nı bəri başdan məlumatlandırmaq. Yəni Prezident İlham Əliyevin də vurğuladığı kimi, daha sonra “bilməmişdik”, “məlumatsız idik” kimi boyunqaçırmalar olmamalıdır!
.jpg)
Pekressin səfərində belə boyunqaçırmalar olsa da rus sülhməramlıları həmin vəziyyətdə də özlərini gülünc vəziyyətdə qoymuşdular. Sanki Pekress iynədir və Laçın dəhlizindən keçərkən gözəgörünməz olub və s...
Beləliklə, RSK komandanlığı bundan sonra gözlərini dörd açıb, qulaqlarını Laçın istiqamətində şəkləməlidirlər və Bakının icazəsi olmadan hətta qarışqaları belə ərazimizə buraxmamalıdırlar. Əks halda günahlarını da özlərində axtarmalıdırlar...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB