Ana dili Azərbaycan xalqının milli varlığını müəyyən edən başlıca amillərdəndir
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Ana dili Azərbaycan xalqının milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz,qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizi-Azərbaycan dilini özümüzə qaytardı. Ulu öndər Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Afizə Mikayılova,
YAP Tərtər rayon təşkilatı Alışarlı-Hacallı ƏPT-nın sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB