“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xarici ölkələrə səfər edərkən həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşmək onun səfər proqramının tərkib hissəsi olurdu. Xaricdə yaşayan azərbaycanlılarla görüşərkən Ulu Öndər onların problemləri ilə maraqlanır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində onlara öz tapşırıq və tövsiyələrini verirdi. Bu görüşləri ilə Ümummilli Lider Heydər Əliyev diaspor quruculuğun əsasını qoymuş oldu”. Bunu millət vəkili Cavid Osmanov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 23 may 2001-ci ildə Ulu Öndər Heydər Əliyev "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncam imzaladı: “Tarixə nəzər saldıqda görürük ki, dünya azərbaycanlılarını təşkilatlanması və diaspor quruculuğu məhz Ümummilli Lider Heydərə Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin hər bir sahədə siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin bu istiqamətdə xidmətləri danılmazdır. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən dünya azərbaycanlılarının 2006-cı il martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayları keçirilmişdir. Keçirilən hər bir qurultayda Azərbaycan Prezidenti cənab İlham Əliyev geniş nitq söyləmiş, dünya azərbaycanlılarını davamlı olaraq təşkilatlanması və diaspor fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması ilə əlaqədar mühüm tapşırıq və tövsiyələrini vermişdir. Dünya azərbaycanlılarının hər bir qurultayında Azərbaycan həqiqətlərini özündə əks etdirən bir çox mühüm qərar və müraciətlər qəbul edilmiş, Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bir sıra vəzifələr müəyyənləşdirilmişdir”.
Cavid Osmanov onu da bildirdi ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində diaspor fəaliyyətini yüksək qiymətləndirmək olar: “Belə ki, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmiş, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmişlər. Bundan əlavə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişlər. Dünya Azərbaycanlılarının V Qurultayı artıq ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda, özü də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcəkdir. Bu tədbirin Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Dünya azərbaycanlıları V Qurultayda bütün dünyaya bir daha nümayiş etdirəcəklər ki, haqq-ədalət öz yerini tapdı və Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu reallığı isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti mümkün etdi. Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı həmçinin xaricdə yaşayan soydaşlarımızın, mövcud təşkilatların fəaliyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz gələcək töhfəsini verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB