“Dəmir yumruq əvvəlkindən daha güclüdür” AÇIQLAMA

“Dəmir yumruq əvvəlkindən daha güclüdür” AÇIQLAMA

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüşündə Paşinyan Qarabağda sülhməramlıların fəaliyyətinin gücləndirilməsi ilə bağlı fikirlər səsləndirib”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Azər Badamovun sözlərinə görə, Paşinyan sülhməramlıların fəaliyyətinin gücləndirilməsi fikrini açıqlayanda hansı məqsədi düşündüyünü anlamaq sual altında qalır: “Çünki rus sülhməramlı kontingentin miqdarı və fəaliyyət dairəsi 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmışdır. Azərbaycan da, öz növbəsində, sülhməramlılardan özləri üçün razılaşdırılmış vəzifələrin icrasını tələb edir. Amma ola bilsin ki, sülh danışıqlarına başlanıb sərhədlərin müəyyənləşməsi mərhələsinə gələndə erməni hərbi tör-töküntüləri Qarabağdan çıxarılacağının aktuallaşacağını nəzərdə tutaraq Paşinyan sonrakı mərhələdə sülhməramlıların fəaliyyətinin genişləndirilməsindən danışsın. Yəni, Azərbaycan ərazisində yaşamağına qərar verəcək ermənilərin təhlükəsizliyinin təmin olunmasını düşünsün. Azərbaycan da istəyir ki, sülhməramlılar fəaliyyətini iki ölkə arasında münasibətlərin tənzimlənməsinə və Qarabağda xalqların bir-birinə yenidən inteqrasiya olunaraq birgə yaşayışın təhlükəsizliyinin təmin olunmasına xidmət etsin. Hesab edirəm ki, biz indiki mərhələdə pozitiv düşünməliyik. Əks halda, dəmir yumruq yerindədir və əvvəlkindən də daha güclüdür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə