İnkişafın Azərbaycan modeli: aqrar sahənin inkişafına dövlət qayğısı TƏHLİL

İnkişafın Azərbaycan modeli: aqrar sahənin inkişafına dövlət qayğısı TƏHLİL

Prezident İlham Əliyev: “Kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq”

Tarixin bütün dövrlərində hər bir dövlətin qarşısında duran və bu gün də öz aktuallığını qoruyub saxlayan ən vacib vəzifələrdən biri əhalinin ərzaq məhsulları ilə etibarlı təminatıdır. Məhz buna görə də ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilib, pandemiyanın milli iqtisadiyyata mənfi təsirləri minimuma endirilib. Reallıq budur ki, bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub: ümumi daxili məhsul 5,6% artıb (onun həcmi 92,8 mlrd. manat təşkil edib), qeyri-neft sektoru üzrə artım 7,2% olub, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artıb, ölkənin strateji valyuta ehtiyatları 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib və s. Buna baxmayaraq, orta illik inflyasiya 6,7%, o cümlədən, ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi isə 12% olub.

“Çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına”

Prezident İlham Əliyev 2021-ci il yanvarın 18-də keçirilən müşavirədə ölkədə taxıl istehsalında olan real vəziyyət və perspektivlər barədə danışaraq bildirib ki, biz mövcud əkin sahələrindən özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik: «Biz təqribən 3,3-3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrindən özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.

Dövlət başçısı, həmçinin, işğaldan azad edilən torpaqların əkilib-becərilməsi sayəsində buğda istehsalını artırmağın mümkün olduğunu da bildirib: «Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti görməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq»,- deyən dövlət başçısı bir daha vurğulayıb ki, «hər halda biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik, mən buna inanıram".

MDB ölkələrinin heç biri aqrar sektorda belə yüksək göstəriciyə nail ola bilməmişdir

Qeyd etmək lazımdır ki, ölkənin hərtərəfli tərəqqisi üçün kənd təsərrüfatının sürətli və davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu, həm də milli təhlükəsizlik məsələsidir. Çünki əhalinin ərzaq təhlükəsizliyini təmin etmək ölkənin sərhədlərini qorumaq qədər vacibdir. Son 18 ildə bu istiqamətdə görülən işlərin miqyası və vüsəti heyrət doğurur. Belə ki, 2003-2020-ci illər arasında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır. MDB ölkələrinin heç biri aqrar sektorda belə yüksək göstəriciyə nail ola bilməmişdir. Əldə olunan uğurlar dövlətimizin bu sahədə düşünülmüş uğurlu siyasəti sayəsində mümkün olubdur. Azərbaycanda 2004-cü ildən başlayaraq, cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların inkişafı istiqamətində uğurla həyata keçirilən dövlət proqramları bölgələrdə yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına, son nəticədə əhalinin güzəranının daha da yaxşılaşmasına səbəb olubdur.

Hətta 2020-ci il ərzində yeni koronavirus pandemiyasının yaratdığı çətinliklər ölkəmizdə kənd təsərrüfatının inkişafına ciddi fəsadlar törədə bilməmişdir. Belə ki, Azərbaycanda ötən il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8428,9 milyon manat təşkil etmişdir ki, onun da 4400,5 milyon manatı heyvandarlıq, 4028,4 milyon manatı bitkiçilik məhsullarının payına düşmüşdür. 2021-ci ildə buğda, dən üçün qarğıdalı, şəkər çuğunduru, kartof, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı və tütün istehsalı və tədarükü xeyli artmışdır. Bütün bu sahələrdə respublika üzrə orta məhsuldarlıq ötən ildəkindən yüksək olmuşdur.

İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı

Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinə yararlı torpaq sahələri yararsız hala düşmüşdür. Torpaqların uzun müddət əkilməməsi, becərilməsi onun korlanmasına səbəb olmuşdur ki, bu da gələcəkdə həmin torpaqlardan yüksək məhsul əldə etməyə zəmanət vermir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, işğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin, 231,056 əkin, 352 min hektara yaxın örüş - otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi əkilib- becərilməməsi, korlanması qəbuledilməzdir və inkar olunmazdır ki, həmin sahələrdən min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi. Təəssüflər olsun ki, erməni təcavüzkarlarının işğalı nəticəsində əhalimiz öz torpaqlarını əkib becərməkdən məhrum olmuş və bu dövrlərdə yüz min tonlarla kənd təsərrüfatı məhsulu itirilmişdir.

Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda bütün sahələr üzrə planlı şəkildə bərpa-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı işlərə artıq başlanılıb. Belə ki, bu gün Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması layihələri böyük uğurla reallaşır. İlk olaraq şğaldan azad edilmiş ərazilərə təsərrüfatların köçürülməsi və azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il ilk dəfə olaraq pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına həmin rayonlardan olan fermerlərin arıçılıq, qoyunçuluq təsərrüfatları köçürülüb. Layihə əvvəl pilot olaraq kiçik təsərrüfatlar - 5 arıçılıq, 6 qoyunçuluq təsərrüfatı köçürülüb. Həmin ərazilərdə risklər dəyərləndirildikdən sonra həmin təsərrüfatların sayı artırılıb. 2021-ci ildə qida zəncirində mühüm yerə sahib olan taxılçılıqda yüksək nəticə əldə edilib və digər sahələrdə, həmçinin, ixrac imkanları olan aqrar sahələrdə artım qeydə alınıb.

Bəli, Azərbaycan kəndini qarşıdakı illərdə parlaq gələcək gözləyir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aqrar inkişafın yeni, Azərbaycan modeli qurulur. Bu model tezliklə ölkəmizin digər regionlarında da tətbiq olunacaq. Bir sözlə, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar və görülən işlər əldə olunan onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də, Avropanın lider dövlətinə çevriləcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə