Putin nə istəyir və hansı AMBİSİYASI VAR? – TƏHLİL

Putin nə istəyir və hansı AMBİSİYASI VAR? – TƏHLİL

Rusiya ilə Ukrayna arasında davam edən müharibə bütün dünyanın diqqət mərkəzindədir və Rusiya prezidentinin nə istədiyi, nəyə nail olmağa çalışdığı hamını düşündürür. Ukraynalılar öz torpaqları, öz suverenlikləri uğrunda savaşa qatıldıqları halda itgiləri də başadüşüləndir, amma ruslar tamamilə başqa məqsədlə Ukrayna ərazisinə daxil olublar və itgiləri, eləcə də az qala bütün dünyanın təpkisi fonunda öz mübarizələrindən əl çəkməmələri sual doğurur. Görəsən məqsəd nədir ki, Rusiya prezidenti Ukraynadan, eləcə də niyyətindən əl çəkmir?

Bilirik ki, Rusiya SSRİ-nin varisi kimi bütün dünyada qəbul olunub və bu baxımdan Putinin də özünü elə həmin dövlət kimi bir fövqəl ölkənin rəhbəri görmək istəyi anlaşılandır. Bəli, uzun illər SSRİ xofu bütün dünyada var idi və iki hegemon dövlətdən biri ABŞ, digəri isə Sovet İttifaqı sayılırdı, amma hazırda Rusiya haqqında heç də bunu söyləmək olmaz. Ən azından bunu son hadisələr, Ukrayna ilə Rusiya arasında gedən mühribə bir daha təsdiqlədi. Görünür, Rusiya prezidenti Vladimir Putinin hədəfi rəhbərlik etdiyi ölkəni məhz fövqəldövlət kimi tanıtmqdır və ona görə də uğursuzluqları ilə barışa bilmir. Məsələ burasındadır ki, bu qədər itgiləri və uğursuzluqları fonunda Rusiya geri çəkilmirsə, yaxud inadından əl çəkmirsə, deməli Putin əzələ nümayiş etdirmək, güc göstərmək arzusundadır ki, kimə isə, nə isə sübut edə, göstərə bilsin, lakin hələ də buna nail ola bilmir.

Vadimir Putinin ambisiyalı olduğu inkar edilə bilməz, çünki onun Ukraynada qələbə qazanmaq arzusunun günü-gündən artdığı, böyüdüyü göz önündədir. Onun bu arzusu isə hələlik elə arzu olaraq da qalır. Ukrayna tərəfi isə bu müharibədə əzmlə mübrizə aparır və bütün dünya ukraynalıların Rusiya prezidentinə, onun qərarına, niyyətinə qarşı necə ləyaqətlə dayandığını heyranlıqla müşahidə edir, böyük rəğbət hissi bəslədiyini də gizlətmir. Bütün bunların fonunda yenə də Rusiya prezidenti Putin fikrindən dönmür və bütün bunlar da ondan xəbər verir ki, o sanki bütün dünyaya, ən azından Qərb dünyasına müharibə elan edib. Maraqlıdır, o bunu niyə etmək qərarına gəlib? Bütün dünyaya meydan oxumaq kimin ağlına gələrdi və sözsüz ki, bununla bacarmağın mümkünsüz olduğunu bilən bir ölkə rəhbəri inadından niyə əl çəkmir? Sözsüz ki, bütün bunlar səbəbsiz ola bilməzdi və bunun arxasında bir məqsəd dayanmaya bilməz.

Bir zamanlar ABŞ hərhansı bir elmi kəşfə belə imza atdığı zaman, dərhal SSRİ də hansısa yeniliyi ortaya qoyurdu və həmin dövrdə dünya ictimaiyyəti buna alışmışdı. Bir sözlə, bu iki hegemon dövlət bir-birinə güzəştə getmirdi və hər zaman rəqabətə davamlı olduqlarını sübut edirdilər. Artıq SSRİ dağıldıqdan sonra özünü onun varisi hesab edən Rusiya bu ənənəni davam etdirə bilmədi. Dünya siyasətində Rusiyanın mövqeyi, çəkisi SSRİ ilə eyniləşdirilə bilməz və bəlli oldu ki, bunu görmək Putin üçün ağrılı imiş. Görünür, Putin bu ağrını artıq daşıya, yaxud gizlədə bilmədi və açıq-aşkar biruzə verdi. Təbii ki, Qərbin dəstəklədiyi Ukraynaya qarşı müharibəyə start verməklə öz kinini, ağrısını göstərdi və öz dövlətinin fövqəldövlət statusu qazanması üçün indi əlindən gələni edir. Belə olan halda isə Ukrayna bu ambisiyaların ortaya atıldığı meydana çevrildi və Putin sanki özünü təsdiq etmək üçün hər şeyə hazır olduğunu bu meydanda göstərmək istəyir. Nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsi barədə onun əmr verməsi də təsadüfi deyildi və bu hədə özü onun hegemonluq ambisiyasından xəbər verir.

Sual oluna bilər ki, Putin niyə məhz Ukraynada özünü göstərmək, sübut etmək qərarına gəldi? Təbii ki, bu qərar bütün dünyanın Ukraynanı dəstəkləməsinə görə verildi və bununla Putin nümayiş etdirmək istədi ki, guya Rusiya bütün dünyanın qarşısında dayana biləcək gücə, qüdrətə sahibdir və elə buna görə də hegemon dovlət kimi tanınmalıdır. Rusiya prezidentinin ölkəsinə qarşı az qala bütün dünyanın tətbiq etdiyi sanksiyaya da məhəl qoymaması belə onun hansı ambisiyada olduğunu təsdiq edir. Hətta, Putinin Ukraynanı “Rusiya əleyhinə dövlət” adlandırması da bir sıra məqamlara aydınlıq gətirir və deyilənləri təsdiqləyir. Qərbin Rusiyaya qarşı bütün narazılıqları, rəqabəti sanki Ukraynada ifadə olundu, təzahür etdi. İndi Rusiya prezidenti də bu narazılıqlara, bu rəqabətə elə Ukraynada cavab verir ki, bunu bütün dünyaya, Qərbə nümyiş etdirsin. Ən başlıca məqsədlərdən biri də artıq Rusiyaya qarşı cücərən siyasi təpkinin qarşısını almaqdır ki, bunun üçün Putin ən qısa yol olaraq rəhbərlik etdiyi ölkəni hegemon dövlət kimi tanıtmaq, SSRİ barəsində olan xofu geri qaytarmaq, bərpa etmək hesab edir. Putinin Ukraynanı tamamilə məhv etmək fikri də bundan qaynaqlanır və Rusiya prezidenti elə hesab edir ki, Ukraynanı məhv edə bilsə, ümumilikdə dünyanın Rusiyaya qarşı təpkisini məhv edəcək və SSRİ-nin varisi kimi hegemonluq əldə edə biləcək. Bu isə kökündən yanlış fikirdir və bir ambisiya olaraq belə gülüncdür. Çünki, zaman maşınını geri döndərmək mümkün deyil və Rusiyanı heç bir dövlət SSRİ hesab etməyəcək, uzaq başı elə varis olaraq da qəbul edəcək. Bu baxımdan Putinin mücadiləsi, ambisiyası bir növ, məşhur İspaniyalı yazıçı Migel de Servantesin əsərinin qəhrəmanının, Don Kixotun yel dəyirmanı ilə savaşına bənzəyir, hansıki heç bir nəticə vəd etmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə