Prezident İlham Əliyev qiymətləri qaldıran sahibkarlara XƏBƏRDARLIQ ETDİ TƏHLİL
"Bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar"
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması yürüdülən siyasətin başlıca prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qiymətləri qaldıran sahibkarlara xəbərdarlıq etdi: “Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.
“Dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır”
Müşavirə zamanı son aylarda qiymət artımının baş verməsinə xüsusi olaraq toxunan Prezident İlham Əliyev bildirdi ki, bu gün dünyada ərzaq məhsullarının bahalaşması daxili qiymətlərə də təsirsiz ötüşmür hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır: “Bu proses bir neçə ay bundan əvvəl başlayıb. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. İndiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir”. Dövlət başçısı həm də ərzaq ehtiyatının yaradılması, süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verdi. Lakin bəllidir ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsirsiz ötüşmür. Prezidentin söylədiyi kimi, belə hadisələrdə, geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Ona görə də dövlət başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara ciddi tədbirlərin görülməsini tapşırdı.
Vüqar Bayramov: “2022-ci ilin birinci rübü üçün ən prioritet məsələlərdən biri qiymət artımına qarşı mübarizə və antiinflyasiya tədbirlərinin gücləndirilməsi olub”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə bildirib ki, 2022-ci ilin birinci rübü üçün ən prioritet məsələlərdən biri qiymət artımına qarşı mübarizə və antiinflyasiya tədbirlərinin gücləndirilməsi olub: "Dünyada, eləcə də region bazarında qiymət artımı müşahidə olunur. Bu da idxalın inflyasiyasının aktivləşməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə də inflyasiya səviyyəsinin birinci rüb üçün ikirəqəmli olduğu görünür". V.Bayramovun fikrincə, istehlak bazarında aparılan monitorinqlər göstərir ki, qiymətlərin süni şəkildə artırılması tendensiyası bu ilin birinci rübündə də baş verib. Buna görə süni qiymət artımına qarşı ciddi mübarizə aparılmalı və bu, antiinflyasiya tədbirlərinin əsas elementlərindən birinə çevrilməlidir. Bir tərəfdən sahibkarların təşviq edilməsi ilə bağlı yeni mexanizmlərin tətbiqinə başlanılıb, digər tərəfdən də kənd təsərrüfatında istehsalın, emalın güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda həmin məhsulların emalı ilə bağlı verilən kredit və subsidiyaların faizinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul edilib. Bu da xərcin azaldılması baxımından vacibdir. Bu sahədə dövlət dəstəyi artırılır, məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanılması, qlobal bazarda baş verən qiymət artımlarının ölkədəki qiymət artımına təsirlərini minimallaşdırmaqdan ibarətdir. Millət vəkili həmçinin, onu da vurğulayaraq bildirib ki, sahibkarlar tərəfindən korporativ sosial məsuliyyətin nümayiş etdirilməsi və süni qiymət artımlarına gedilməməsi çox vacibdir. Bu istiqamətdə monitorinqlər gücləndirilməlidir ki, sahibkarlar süni şəkildə qiymət artımı həyata keçirə bilməsinlər.
Aydın Hüseynov: «İşğaldan azad edilmiş torpaqların becərilməsi ərzaq təhlükəsizliyimizin təmininə töhfə verəcək»
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da hazırda bir çox ölkələrdə ərzaq məhsullarının qiymətində artım müşahidə olunduğunu söyləyib. Millət vəkili qeyd edib ki, Azərbaycanda qiymət artımı kəskin deyil, bununla belə bu fakt var: "Elə ərzaq məhsulları var ki, digər ölkələrdən gətirilir, buna görə qiymət də idxal olunur. İxrac edən ölkə məhsulu hansı qiymətə satırsa, biz də ən zəruri ərzaq məhsullarını o qiymətə almağa məcburuq". Deputat bildirir ki, taxıl və taxıl məhsullarının qiymətində artım var. Bu, həm də qlobal istiləşmə ilə bağlıdır. Digər tərəfdən Ukrayna və Rusiya arasında gedən müharibə bu proseslərə təsirini göstərir. Dövlət tərəfindən bunun qarşısının alınması, ərzaq ehtiyatının artırılması, eləcə də daxili bazarda qiymətlərin yüksək həddə qalxmaması istiqamətində müvafiq addımlar atılır. Bu addımlardan biri də subsidiyaların verilməsidir. Taxıl və taxıl məhsullarının satışı 2024-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Digər tərəfdən hər ton taxıl üçün subsidiyanın məbləği artırılıb. Aydın Hüseynov vurğulayıb ki, belə proseslərdə möhtəkirlik, sui-istifadə halları həmişə olur. Buna görə də tez-tez monitorinqlər aparılır, belə halların qarşısının alınması üçün inzibati tədbirlər həyata keçirilir. Bunlar dövlətin həyata keçirdiyi tədbirlərdir. Bu məsələdə ictimaiyyət də fəal olmalıdır. Deputatın fikrincə, ölkə rəhbəri ərzaq, xüsusilə taxıl ehtiyatının artırılması ilə bağlı tapşırıq verib və əkin sahələrinin artırılması, eləcə də Qarabağda yeni torpaq sahələrinin becərilməsi istiqamətində görülən tədbirlər ərzaq təhlükəsizliyini, eyni zamanda qiymətlərin tənzimlənməsini təmin edəcək.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, yenə də əhalini narahat edən məsələni gündəmə gətirərək süni qiymət artımının qarşısının alınması istiqamətində ciddi tapşırıqlarını verib. İnanırıq ki, yaxın günlərdə bu məsələ ilə bağlı vəziyyət öyrəniləcək və dövlət Prezidentin verdiyi tapşırıqlar üzrə bu istiqamətdə lazımi tədbirləri görüləcək və bəzi natəmiz sahibkarlar öz cəzasını alacaqdır.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB