Bəhruz Quliyev: “MQ-nin əhəmiyyətsizliyini ilk dəfə və qəti olaraq İlham Əliyev gündəmə gətirdi” AKTUAL+ŞƏRH
“Minsk qrupu (MQ) nəinki vasitəçilik, eləcə də ömrünü başa vurmuş institut kimi tarixin arxivinə göndərilir və bu məsələdə əsas günahkar tərəf də, məhz həmin qrupun doğru istiqamətdə, daha dəqiq desək, üzərinə düşən məsuliyyət yönündə fəaliyyət göstərməməsi səbəbidir – ikili standartlar, hətta zaman-zaman birtərəfli mövqe nümayiş etdirməsi”.
Bu fikirləri SİA-ya “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, artıq Rusiya və Fransa deyil, həm də ABŞ da Minsk qrupunun fəaliyyətinin iflasa uğramasını, yəni həmsədrlik institutunun ləğvini vaxtilə həmsədrlik edən Endryu Şoferin vəzifəsini dəyişərək, Qafqazda danışıqlar üzrə müşavir təyin olunması ilə göstərə bilərik: “Maraqlıdır ki, bu günlərdə İrəvanda səfərdə olan Şofer erməni mediasında “ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri” kimi təqdim edilib, lakin fakt budur ki, artıq onun rəsmi vəzifəsinin adı, təyinatı tamamilə başqa istiqamətdədir. Bu da onu göstərir ki, erməni tərəfi hətta özləri-özlərini aldatmaqla son anda isə saman çöpündən yapışmağa cəhdlər göstərirlər. Yəqin ki, Amerikanın Dövlət Departamenti Ermənistana bu məsələdə düzəlişlər etməsi ilə bağlı göstərişlərini verəcək”.
“Biz unutmamalıyıq ki, MQ 28 il boyunca yalnız boş-boş kağızlar və sənədlər, məntiqsiz, əhəmiyyətsiz bəyanatlar, eləcə də regionda turist səfərləri keçirməsi üzərində fəaliyyət göstərib və buna əlbəttə ki, son qoyulmalı idi. Biz onu da xatırlatmalıyıq ki, bu sonu məhz Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra bəyan etdi”, deyən siyasi ekspert xatırladıb ki, çağırılmamış qonaq qismində Bakıya təşrif buyurmuş üçlük formata xitabən onların fəaliyyətlərini sərt şəkildə tənqid edən dövlət başçımız artıq bundan sonra onlara ehtiyacı olmadığını, Qarabağ problemini Azərbaycanın özü həll etdiyini açıq-aydın ifadə etdi.
Eləcə də, aprelin 12-də keçirdiyi müşavirədə də bu formatın fəaliyyətinin sıfır həddindən aşağı olduğunu vurğulaması Prezident İlham Əliyevin açıq və aydın mövqeyini bir daha nümayiş etdirdi: “Bu gün Ermənistan siyasi iflasa uğramış lazımsız bir qurumu istədiyi qədər “ATƏT-in Minsk qrupu” kimi adlandıra bilər, amma fakt budur ki, artıq keçmiş həmsədr ölkələrin dövlət rəhbərlikləri belə bu təsisatın “dəfn olunduğunu” həmsədrlərə isə yeni vəzifə təyinatları verməklə etiraf etdilər. Bu baxımdan, hesab edirəm ki, artıq üçlük formatın aqibəti haqqında danışmaq, münasibət göstərmək ehtiyacı qalmayıb. Bu gün post-münaqişə dövründə yeni vasitəçilərin əmələ gəlməsi - misal üçün, Avropa İttifaqı Şurasının rəhbərliyinin təşəbbüslərlə çıxış etməsi, habelə regional ölkə olaraq Rusiyanın vasitəçiliyi də belə nəticəyə gəlməyə zəmin yaradır ki, rəsmi Bakının regiona təqdim etdiyi qlobal dəyişiklik mühiti özündə yeni reallıqları ehtiva edir və bu reallıqlar eyni zamanda, Azərbaycanın mövqeyini daha da gücləndirir. Düşünürəm ki, yeni vasitəçilik missiyaları Cənubi Qafqaza uzunmüddətli sülh və əmin-amanlıq mühitini gətirəcək, əlbəttə ki, Azərbaycan xalqının və dövlətinin maraqları çərçivəsində”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB