Diasporun güclü olması dövlətin güclü olması deməkdir - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“Hər bir dövlət üçün onun xaricdə yaşayan həmvətənlərinin təşkilatlanması, dövlətin milli və dövlət maraqlarını dünya ölkələrində doğru təqdim və müdafiə etməsi çox vacib şərtdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda diaspora siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Diaspora ilə iş onun dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk xaricə səfərlərində həmişə Azərbaycanın xaricdə yaşayan nümayəndələri ilə görüşürdü. Onlarla söhbətlər edir, onları Azərbaycanın ətrafında birləşməyə və Azərbaycan xalqının mədəniyyətini, dövlətçilik ənənələrini, milli maraqlarını düzgün təmsil edərək, yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün birləşməyə dəvət edirdi. Bundan sonra da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının qurultayı keçirildi. Bu qurultayda təşkilat komitəsi yaradıldı. Bundan sonra isə xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitə yarandı. Sonralar isə bu komitə təkmilləşərək, uğurla işləyərək dövlət komitəsinə çevrildi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət daha da inkişaf etdi. Bu diaspor daha təşkilatlanaraq, təkmilləşdi.
Azərbaycanın milli maraqlarının təmsil olunmasında bizim səfirliyimiz öz rolunu oynayır. Diasporun güclü olmasından asılı olmayaraq, xaricdə yaşayan azərbaycanlılar da ürəklərində Azərbaycanı daşıyırlar. Bu sevgi isə yaşadıqları ölkədə Azərbaycanın maraqlarının həyata keçirilməsi istiqamətində enerjiyə çevrilməlidir. Cənab Prezidentin apardığı siyasət, diasporun fəaliyyət göstərməsi, onların tez-tez Azərbaycanda keçirilən böyük tədbirlərə dəvət olunması da mühüm hadisədir.
44 günlük Vətən müharibəsində Dünya Azərbaycanlıları cənab Prezidentin ətrafında sıx birləşdilər. Bununla da Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında öz xidmətlərini göstərdilər. Bu istiqamətdə Azərbaycan diasporunun fəaliyyətini, zəhmətini və əməyini qeyd etmək vacibdir. Eyni zamanda diaspora Azərbaycanın adət-ənənələrini, bayramlarını yaşadıqları ictimaiyyətə çatdırılmasında da böyük rola sahibdir. Azərbaycan diasporunun güclü olması Azərbaycan dövlətinin güclü olması deməkdir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB