Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 12-də 2022-ci ilin birinci rübündə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə təkcə 2022-ci ilin birinci rübünə dair yox, böyük bir dövrü əhatə edən görülmüş işlərlə bağlı fikirlər səsləndirildi. Ən əsas vəzifə isə işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinin aparılması ilə bağlı dövlət başçımız fərmanlar imzalanmış, dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrılmışdır. Qeyd edək ki, 2021-ci il və 2022-ci illərdə işğaldan azad edilmiş torpaqlara 2.2 milyard manat vəsait ayrılmışdır. Və bu illər ərzində görülən işlər...
GÖRÜLƏN İŞLƏR 4 İL ƏVVƏL, 2018-Cİ İL APRELİN 11-DƏ KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ QALİB LİDERİMİZİN SÖZÜNÜN İMZASI QƏDƏR DƏYƏRLİ OLMASININ TƏSDİQİDİR
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsi ilə başa çatdı. "Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 4 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. Və dövlət başçısı hər zaman bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 10-da imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamı bir daha dövlət başçısını bu sahəyə göstərilən qayğısının göstəricisidir. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin birinci rübündə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrlə bağlı müşavirədə bildirib ki, İkinci Qarabağ müharibəsində şanlı qələbədən sonra yaranan reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən cənnətməkana çevirməkdir. Azərbaycan Prezidenti cəmi bir il yarıma yaxın müddətdə ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur.
“HEÇ KİMDƏN BİR MANAT DƏSTƏK ALMAMIŞIQ. AZAD EDİLMİŞ TORPAQLARI DA YÜZ FAİZ ÖZ GÜCÜMÜZƏ BƏRPA EDİRİK”
Dövlət başçısı bu sözləri müşavirədə çıxışı zamanı bildirib: "Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər".
Azərbaycan Prezidenti bildirib ki, ikili standartlar, ədalətsizlik, bax, budur: "Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq. Ona görə bir daha demək istəyirəm ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər".
“AĞDAM QAFQAZIN XİROSİMASIDIR”
“Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib”,-deyən dövlət başçımız onu da vurğulayıb ki, biz heç kimdən bir manat almamışıq: “Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik”.
“HƏQİQƏTƏN DƏ GERİYƏ BAXDIQDA GÖRÜRÜK Kİ, TARİXDƏ GÖRÜLMƏMİŞ İŞLƏRƏ İMZA ATMIŞIQ VƏ BU İŞLƏRİN GÖRÜLMƏSİNİ AZƏRBAYCAN ÖZ GÜCÜ İLƏ HƏYATA KEÇİRMİŞDİR”
Bəli, döyüş meydanınıda qələbə qazanan Azərbaycan quruculuq meydanında böyük Qlobal böhranın dünya iqtisadiyyatına mənfi təsir etdiyi dönəmdə belə öz gücünə işğaldan azad edilmiş torpaqlarında yenidənqurma, tikinti-quruculuq işləri aparır, həmçinin digər bölgələrimizdə də dövlət proqramında əksini tapmış layihələri gerçəkləşdirir.Azərbaycan Prezidenti mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, bəzilərinin isə açılışını edib xeyir-duasını verir. Dövlət başçısı müşavirədə bir daha görülən işləri dəyərləndirdi, qarşıda dayanan vacib işlərlə bağlı ciddi tapşırıqlarını verdi. Qeyd edildi ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsaitin 346 milyon manatı, yaxud 16 faizə yaxın hissəsi artıq yerinə yetirilib. Bu gün Ağdam və Füzuli şəhərlərinin baş planlarının təsdiqləndiyini bildirən dövlət başçısı söyləyib ki, bu yaxınlarda digər şəhərlərin də baş planlarının təsdiqlənməsi də öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir.
Prezident İlham Əliyev müşavirdə onu da söyləyib ki, 9 elektrik yarımstansiyasının, 4 SES-in açılışı olub, bu il daha 5 yarımstansiya inşa ediləcək. Hazırda Qarabağ və Şərqi Zəngəzurda elektrik yarımstansiyalarının inşası davam etdirilir. Xatırladaq ki, keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Dövlət başçısı vurğulayıb ki, düşmən tərəfindən dağıdılan stansiyaların bərpası istiqamətində bu il beş stansiya bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Bu il "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. Hazırda İran İslam Respublikası ilə danışıqlar aparılır. Həmçinin "bp" şirkəti ilə Cəbrayılda günəş-elektrik stansiyasının tikintisi üzrə danışıqlar gedir. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərinin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.
“AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARDA GÖRÜLMÜŞ İŞLƏR AZƏRBAYCANIN DÖVLƏT BÜDCƏSİ HESABINA APARILIR”
Prezident İlham Əliyev həmçinin bu il yeni yollar açılacağını, Zəngilan Beynəlxalq Hava Limanının inşası başa çatdırılacağını deyib. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Bu il Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının bu il istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası da sürətlə davam etdirilir.
İlham Əliyev onu da diqqətə çatdırdı ki, ən vacib yollardan biri Toğanalı-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Azad edilmiş Zəngilan Beynəlxalq Hava Limanının ardınca Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir, sonra isə Laçın Beynəlxalq Hava Limanının inşası isə 2024-cü ilə planlaşdırılır.
Qeyd edək ki, işğal altında qalan su anbarları da yenidən qurulur. Belə ki, 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı "Xudafərin", həmçinin “Qız qalası”, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd su anbarları işğal altında idilər. İndi Azərbaycan onları bərpa edərək istifadəyə yararlı hala gətirir. Qarşıdakı dövrdə isə Həkəriçay və Suqovuşan su anbarlarının tikintisi nəzərdə tutulur. Tikilib başa çatdıqdan sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri də layihələndirilir. Həmçinin Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay sol sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi gündəmdədir. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə də bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır.
Prezident onu da bildirdi ki, bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilanda, ya da Qubadlıda yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir. Dövlət başçısı müşavirədə deyib ki, azad edilmiş bütün torpaqlarda görülmüş işlər azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Bu il Zəngilanın Ağalı kəndinin sakinləri bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Yəni bu il Ağalı kəndinin açılışı olacaq.Dövlət başçısı müşavirədə deyib ki, azad edilmiş bütün torpaqlarda görülmüş işlər azərbaycanın dövlət büdcəsi hesabına aparılır.Bəli, görülən və görüləcək işlər bir daha göstərir ki, artıq Böyük qayıdış başlayır.Bəli, bu gün Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir.
Bir sözlə, cari ilin birinci rübünün göstəriciləri bir daha onu təsdiq edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, 2022-ci ildə də yeni-yeni uğurlara nail olacağına əminlik yaradır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB