Postmünaqişə dövrünün birinci ilində qarşıda duran bütün vəzifələr icra edilib ŞƏRH
Müharibədən sonrakı dövr üçün keçən 2021-ci ilin çox əlamətdar və böyük əhəmiyyəti olmuşdur. Ötən il əsas məqsəd həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, həm də, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr icra edilmişdir. Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə hesabat dövründə görülən işləri təhlil edərkən, ötən üç ayın sosial-iqtisadi yekunlarını yüksək qiymətləndirdi, ölkəmizin bütün sahələrdə uğurlu inkişafınının davamlı xarakter aldığını vurğuladı. Ölkə rəhbəri, eyni zamanda, Vətən müharibəsindən sonra düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq layihələrinin icrasında müsbət nəticələr gerçəkləşdirildiyini, beynəlxalq müstəvidə yeni reallıqların qəbulu üçün önəmli addımlar atıldığını bildirdi. Siyasi müstəvidə də qarşıda duran bütün vəzifələr yerinə yetirilib. İlk növbədə, beynəlxalq təşkilatlarla təmaslar, fəal əməkdaşlıq davam etdirilib və dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqlar qəbul olunub. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təsisatlarla münasibətlər daha da möhkəmlənib. Müşavirədə görülən işlərə bir daha toxunan İlham Əliyev həm reallığa çevrilən layihələrdən söz açdı, həm də hazırda həyata keçirilən proseslərin gedişatı ilə bağlı ətraflı məlumat verdi. İlham Əliyev vurğuladı ki, bütün layihələri Azərbaycan heç kimdən maddi yardım almadan yalnız öz gücünə reallaşdırır. Heç bir beynəlxalq təşkilat və fond bu prosesdə Azərbaycana yardım etmir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür:"Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik". Müşavirədə Prezident ilk növbədə quruculuq və tikinti işlərinin aparılması üçün ərazilərin minalardan təmizlənmə prosesinin sürətləndirilməsinin vacibliyini bildirərək dedi ki, bunun üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, dövlət üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan vətəndaşların o bölgələrə yerləşdirilməsi qorxuludur. Ərazilər tam təmizləndikdən sonra soydaşlarımızın yurd-yuvalarına qayıdışına başlanılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə üç qurum - ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar. Dövlət tərəfindən prosesə dəstək verilməsi üçün yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər cihazlar alınır. Dövlət başçısı müşavirədə görülən işləri dəyərləndirdi, qarşıda dayanan vacib işlərlə bağlı ciddi tapşırıqlarını verdi. Qeyd edildi ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsaitin 346 milyon manatı, yaxud 16 faizə yaxın hissəsi artıq yerinə yetirilib.Hazırda Ağdam və Füzuli şəhərlərinin baş planlarının təsdiqləndiyini söyləyən Prezident aidiyyəti qurumların rəhbərlərinə tapşırdı ki, digər şəhərlərin də baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Qarabağ və Şərqi Zəngəzurda elektrik yarımstansiyalarının inşası davam etdirilir. Xatırladaq ki, keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Bu da çox böyük göstəricidir. Eyni zamanda ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib. Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksəkgərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Görüləcək işlərə gəlincə isə Prezident dedi ki, azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Düşmən tərəfindən dağıdılan stansiyaların beşi bu il bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Dövlət başçısı dedi ki, cari ildə "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. Hazırda İran İslam Respublikası ilə danışıqlar aparılır. Həmçinin "bp" şirkəti ilə Cəbrayılda günəş-elektrik stansiyasının tikintisi üzrə danışıqlar gedir. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərinin çəkilişi də gündəlikdə duran məsələlərdəndir. Bütövlükdə təkcə azad edilmiş torpaqlarda bərpa olunan stansiyaların 9 min meqavatdan çox potensialı var və bu, Azərbaycanın ixrac imkanlarına da müsbət təsir göstərəcək. İşğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin həyata keçirilməsi üçün əlbəttə ki, ilk növbədə avtomobil yollarının tikintisi prioritet olmalıdır. Bu istiqamətdə görülən işlərə nəzər yetirsək, görərik ki, qısa müddətdə çox böyük layihələr icra olunmuşdur. Prezident vurğuladı ki, tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni bu yollar Azərbaycan-Ermənistan sərhədinə qədər uzanır. Bu gün tikintisi davam etdirilən digər 15 avtomobil yolundakı vəziyyət ürəkaçandır. Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının bu il istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası da sürətlə davam etdirilir. Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, ən vacib yollardan biri Toğanalı-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Hazırda dəmir yolu xətlərinin çəkilişi də uğurla davam etdirilir. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Nəqliyyat infrastrukturu ilə bağlı digər vacib məsələ Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Dövlət başçısı dedi ki, hava limanının tikilib başa çatma prosesi bu il üçün nəzərdə tutulur. Bu, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası isə 2024-cü ilə planlaşdırılır. Prezident İlham Əliyev ötən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı imzalanan memoranduma da toxunaraq dedi ki, həmin sənəddə elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa da var. Ona görə bu işlərə tezliklə start verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə bilər. Zəngəzur dəhlizinin tikintisini barədə danışan dövlətimizin başçısı bildirdi ki, bu dəhliz açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə geniş fikir mübadiləsi aparılıb. Artıq Ermənistan bu planları əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən Azərbaycana keçid verilməsə, Ermənistanın özü itirəcək. İlk növbədə isə 10 noyabr bəyanatını pozmuş olacaq. Çünki 10 noyabr bəyanatında açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir.Prezident bu barədə fikrini belə yekunlaşdırdı: "Əgər o öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar". İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi barədə də məlumat verən dövlət başçısı bildirdi ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizinin açılması tarixi hadisə olar. İşğaldan azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrasına da diqqət çəkən Prezident qeyd etdi ki, bu il yeni layihələrin reallaşması nəzərdə tutulur. Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki, hazırlıq işləri çox vaxt aparır. İşğal altında qalan su anbarları da yenidən qurulur. Belə ki, 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı "Xudafərin", həmçinin “Qız qalası”, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd su anbarları işğal altında idilər. İndi Azərbaycan onları bərpa edərək istifadəyə yararlı hala gətirir. Müşavirədə qeyd olundu ki, qarşıdakı dövrdə bu sahədə böyük işlər görüləcək. Həkəriçay və Suqovuşan su anbarlarının tikintisi nəzərdə tutulur. Həmçinin uzunluğu 5,2 kilometr olan kanal da inşa ediləcək. Tikilib başa çatdıqdan sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri də layihələndirilir. Həmçinin Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay sol sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi gündəmdədir. Prezident onu da bildirdi ki, Zəngilanda, ya da Qubadlıda yeni su anbarının tikintisi də nəzərdə tutulur və bu kanalların inşası imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir.Ən mühüm məsələ isə bu il Qarabağa Böyük qayıdış planının reallığa çevrilməsidir. Prezident müşavirədə vurğuladı ki, Zəngilanın Ağalı kəndinin sakinləri bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Müşavirədə vurğulandı ki, bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına isə bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək.Tikintisi davam etdirilən sosial-iqtisadi infrastruktur layihələri barədə də danışan dövlət başçısı qeyd etdi ki, bu il üç məktəbin - Ağdamda 1 nömrəli, Cəbrayılda və Şuşada iki orta təhsil ocağının inşası başa çatmalıdır. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq. Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkına isə sahibkarlar böyük maraq göstərirlər. Beləliklə, dövlət keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün kompleks tədbirlər görür. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları planlı şəkildə icra edilir. Prezidentİ lham Əliyev qətiyyətlə vurğuladı ki, Azərbaycan öz qüdrəti hesabına tezliklə işğaldan azad olunmuş ərazilərimizdə nəzərdə tutulan bütün layihələri reallaşdıracaq və istəyinə nail olacaqdır.
Emin RƏHİMOV,
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB