Xramçixin Putin-Paşinyan görüşü haqqında +Ukrayna böhranı ŞƏRH+AKTUAL

Xramçixin Putin-Paşinyan görüşü haqqında +Ukrayna böhranı ŞƏRH+AKTUAL

Rusiyalı hərbi ekspert Azərbaycan üçün “status” məsələsinin bitdiyini desə də, ermənilər üçün hələ də gündəmdə qaldığını bildirib

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın prezidenti Vladimir Putinlə Moskvaya görüşə getməsi gündəmin ən çox analiz edilən mövzularından birinə çevrilib. Bir çox ekspertlər də qeyd edirlər ki, məhz bu görüşdən sonra ortada açıq qalan suallara daha müfəssəl aydınlıqlar gətiriləcək. Daha dəqiq qeyd etsək, Moskva ya İrəvanı üçtərəfli bəyanatın bütün bəndlərinə əməl etməyə məcbur etməli, ya da regionda vasitəçilik rolunun uğursuzluğa düçar olduğunu etiraf etməlidir. Lakin bununla yanaşı, erməni siyasi-ictimai rəyində belə bir də yayılıb ki, Rusiya Ermənistanı hərbi təchizatla təmin etməsi prosesinə son qoyub. SİA xəbər verir ki, bu və digər maraqdoğurucu mövzularla ilə bağlı rusdilli Caliber informasiya analitik agentliyinə müsahibə verən Rusiyanın hərbi eksperti Aleksandr Xramçixin bir sıra diqqət çəkən nüanslara toxunub.

Rusiyalı hərbi ekspert: “Uzağı 90-cı illəri çıxmaq şərti ilə Rusiya Ermənistana pulsuz silah verməyib”

O bildirib ki, Rusiyanın Ermənistana silah təchizatını dayandırması barədə səslənən fikirlərdən məlumatsızdır. Ancaq bu hal mövcuddursa belə, onu elementar maliyyə səbəbləri ilə izah etmək olar. “Görünür, Ermənistanın sadəcə onlara görə ödəyəcəyi vəsaiti qalmayıb. Başqa hər hansı bir səbəb görmürəm”, deyə rus hərbi eksperti bildirib.

Rusiyanın uzun illər Ermənistana pulsuz silah verməsi, bu ölkəni silahlandırması ilə bağlı sualı da cavablandıran Xramçixin bildirib ki, Rusiya həmin silahları Ermənistana heç də pulsuz verilməyib: “Uzağı 90-cı illəri çıxmaq şərti ilə Rusiya Ermənistana pulsuz silah verməyib. Bu, anbarlara yığılan sovet texnikası idi. Moskvanın Ermənistana pulsuz müasir texnika verməsi real görünmür. Ola bilər ki, ucuz qiymətlərlə, amma pulsuz mümkün deyil”.

“Aydındır ki, görüş əsnasında erməni-azərbaycanlı münasibətlərinin tənzimlənməsi ilə bağlı mövcud situasiya müzakirə ediləcək və...”

Putinlə Paşinyanın Moskvadakı görüşündən sonra bu kimi məsələlərə aydınlığın gəlib-gəlməməsi məsələsinə də toxunan hərbi ekspert hesab edir ki, mövcud mövzu ilə bağlı spekulyasiya etmək mənasızdır: “Aydındır ki, görüş əsnasında erməni-azərbaycanlı münasibətlərinin tənzimlənməsi ilə bağlı mövcud situasiya müzakirə ediləcək və başqa heç nə”.

Ermənistanda yenidən Qarabağ klanı və daşnaklarların təhriki ilə revanşist əhval-ruhiyyənin qığılcım saçmağa başlamasının ölkədaxili qarşıdurmalara səbəb ola biləcəyi ilə bağlı sualı da cavablandıran Xramçixin hesab edir ki, Paşinyanın nöqteyi-nəzərindən baxılarsa, söz yox ki, o mövqelərini təhvil verir. “Lakin “Daşnaksutyunun Ermənistanda çevriliş edəcəyinə şübhə edirəm. Üstəlik bu baş verərsə nə olacaq ki? Bu, Ermənistanın problemi olacaq”, hərbi ekspert qeyd edib.

Aleksandr Xramçixin Ermənistanın istənilən halda Bakı ilə sülh müqaviləsi imzalayacağını proqnozlaşdırıb və həll olunmayan yeganə məsələnin Qarabağın “statusu” olduğunu bildirib. O, Azərbaycan üçün “status” məsələsinin bitdiyini desə də, ermənilər üçün hələ də gündəmdə qaldığını bildirib və Moskvanın sözügedən məsələdəki mövqeyinə də toxunub: “Moskva erməni-azərbaycanlı münasibətlərində vasitəçilik edəcək. Baxmayaraq ki, bu onun üçün ikinci dərəcəli məsələdir, Rusiyanın bütün diqqəti Ukraynaya tərəf konsentrasiya olunub.

“Müharibəni bitirmək istərdim” ilə gerçək mənada bunu bitirmək arasında çox böyük fərqlər var”

Maraqlıdır ki, Xramçixin Ukraynadakı müharibənin kifayət qədər çox, hətta illərlə davam edəcəyini istisna etməyib və Putinin “müharibəni bitirmək istərdim” bəyanatına da maraqlı izah verib. “Müharibəni bitirmək istərdim” ilə gerçək mənada bunu bitirmək arasında çox böyük fərqlər var”, deyə rus hərbi eksperti əlavə edib.

Rusiyanın Ukraynaya qarşı kimyəvi, yaxud nüvə silahı işlədəcəyi mümkünlüyünün nə qədər real olub-olmaması məsələsinə də toxunan Xramçixin iddia edib ki, belə bir fikrin ortaya atılması absurddur: “İlk növbədə nəyə görə istifadə edəcəyi aydın deyil. İkincisi Rusiyanın kimyəvi silahı yoxdur. O, ABŞ-dan fərqli olaraq həmin silahlarını məhv edib. Nüvə silahı isə NATO-nun tam miqyaslı müdaxiləsi zamanı istifadə edilə bilər və bu da yalnız onlara qarşı. Ukraynaya qarşı ümumiyyətlə mümkün deyil və istisnadır”.

Müharibənin Rusiya üçün neqativ nəticələr verəcəyini də toxunan hərbi ekspert bildirib ki, qısamüddətli planda bu mümkündür, müharibə neqativ nəticələr verəcək. Lakin uzunmüddətli planda birmənalı heç nə deyə bilməz. Belə ki, hər şey onun necə başa çatmasından asılıdır.

“Əgər biz Donbasdan başqa heç yeri əldə edə bilməsək, belə bir variantı qələbə kimi qəbul etmək çox çətin olacaq”

Xramçixin müharibənin Rusiyanın qələbəsi ilə başa çatacağı fikrində qaldığını da ifadə edərək digər məqamlara toxunub: “Doğrudur, sual ondadır ki, həmin qələbə necə görünəcək. Əldə edilən məhz nə olacaq. Əslinə qalanda bizdə bəzi variantları qələbə kimi qəbul etməyəcəklər. Misal üçün, əgər biz Donbasdan başqa heç yeri əldə edə bilməsək, belə bir variantı qələbə kimi qəbul etmək çox çətin olacaq”.

Donbasdakı döyüşlərin nə ilə başa çatacağına da münasibət bildirən Rusiyanın hərbi eksperti əlavə edib ki, bu suala da birmənalı cavab vermək çətindir. Bu, Ukrayna silahlı qüvvələrinin nə qədər böyük həbri birliklərini itirməyindən asılıdır: “Mən Ukraynanın kapitulyasiyasını və ordusunun böyük qismini itirməsini özüm üçün çətin təsəvvür edirəm, çünki müqavimətini davam etdirən Ukrayna rəhbərliyinin Lvova ya da ümumiyyətlə sərhəd hüdudlarından kənara köçməsinə heç nə mane olmur. Mən belə deyərdim: əgər Qərbdən əmr, yaxud icazə verilərsə Ukrayna kapitulyasiya edəcək. İstənilən bir variant teoretik mümkündür”.

Xramçixin Finlyandiyanın və İsveçin NATO-ya daxil olması sualını da cavablandırıb.

“Sözsüz ki, bu qəbul eidlməyən faktdır. Ona görə ki, hərbi münasibətdə Finlyandiya və İsveç NATO-ya daxil olan bütün Avropa ölkələrindən güclüdürlər. Rusiya bu istiqamətdəki qruplaşmalarını gücləndirməli olacaq, indi isə bu təmiz simvolik məsələdir”, deyə Aleksandr Xramçixin sonda bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə